Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək
Prezident İlham Əliyevin Ermənistanın üzərinə düşən məsuliyyət və regional sülh prosesindəki rolu ilə bağlı kifayət qədər aydın və strateji xarakterli mövqeyi var. Belə ki, Azərbaycan Prezidenti Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsinin vacibliyi ilə bağlı açıq mesajlar verir. Bildirir ki, Ermənistan məsələni yubatmamalıdır. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, bu, ilk növbədə ABŞ-a və şəxsən Prezident Trampa qarşı hörmətsizlik kimi qəbul olunacaq. Prosesin yubadılması, sadəcə, iki ölkə arasında deyil, həm də beynəlxalq ictimaiyyətin münasibətində mənfi dəyişikliklərə səbəb ola bilər. Həmçinin sülhə doğru atılan konkret və çevik addımlar regionda yeni əməkdaşlıq imkanları yarada, o cümlədən iqtisadi inteqrasiyanı sürətləndirə, nəqliyyat və enerji layihələrinin reallaşmasına imkan verə bilər.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov səsləndirib.
O bildirib ki, Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətidir: “Bu sənədin mövcud variantında Azərbaycana qarşı ərazi iddiaları yer alır ki, bu da regionda sülh təşəbbüsləri ilə ziddiyyət təşkil edir. Prezidentin fikirlərindən aydın görünür ki, regionda davamlı sülhün bərqərar olunması alternativsiz bir prosesdir və burada tərəflərdən biri – xüsusən Ermənistan üzərinə düşən məsuliyyəti gecikdirmədən yerinə yetirməlidir. Digər tərəfdən Prezident İlham Əliyevin ABŞ-a etdiyi tarixi səfər və bu səfər nəticəsində əldə olunan uğurlar təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də beynəlxalq miqyasda mühüm geosiyasi nəticələr doğurub. Bu səfər uzun müddətdir ki, Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti tərəfindən Azərbaycanı birtərəfli güzəştlərə məcbur etməyə yönəlmiş siyasətin tam iflası ilə nəticələndi. Bu müddət ərzində Azərbaycan müxtəlif istiqamətlərdən gələn təzyiqlərlə üzləşdi. Lakin bütün bu maneələrə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi. Əsl liderə xas olan qətiyyət, prinsipiallıq və milli maraqları qəti şəkildə müdafiə etmək iradəsi ilə Azərbaycanın siyasi xəttini dəyişməz şəkildə davam etdirdi və bu xəttin uğurlu nəticələrini nümayiş etdirdi. Prezidentin bu davranışı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük diqqət və hörmət doğurdu”.
Deputat vurğulayıb ki, dövlətimizin başçısının Vaşinqton səfəri və bu səfərin nəticələri yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün atılan tarixi addım kimi qiymətləndirilməlidir. “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, sülh təkcə sənədlərlə deyil, konkret insan taleləri ilə ölçülür. Sülhün təmin olunması isə minlərlə gəncimizin həyatının xilas edilməsi, yeni qurbanların qarşısının alınması, ailələrin faciədən, xalqın itkilərdən uzaq tutulması deməkdir. Regionumuzu yeni müharibələrə sürükləməyə çalışan, qarşıdurmalardan siyasi dividendlər əldə etməyə çalışan bir çox qüvvələrin planları da pozulmuş oldu. Həmçinin müharibədə Qələbə qazanmaqla yanaşı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi regionda qəbul etdirildi. Bu gün sülh gündəliyinin həyata keçirilməsi iqtisadi inteqrasiyanı gücləndirir, regional əməkdaşlığa geniş imkanlar açır, xalqlar arasında qarşılıqlı etimadın bərpasına xidmət edir”,- deyə A. Hüseynov diqqətə çatdırıb.