“Azərbaycan çox böyük ədalətsizliklərlə qarşılaşıb”
Din heç vaxt siyasiləşdirilməməlidir. Dövlətlər öz siyasətlərini dini baxışlarına görə müəyyənləşdirməməlidirlər. Amma çox təəssüf ki, bəzi dövlətlər dini baxışlarını irəli çıxardırlar və məhz müsəlman ölkələrinə, onlara islam dini mənsubları olduqlarına görə təzyiq göstərmək yolunu tutublar. Belə dövlətlər unudurlar ki, insanın hansı dinə mənsub olmasından asılı olmayaraq, Allah qarşısında hamı bərabərdir”.
Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan islam dininin daşıyıcısı olduğuna görə çox böyük ədalətsizliklərlə qarşılaşmışdır: “Belə ki, 30 il torpaqlarımız işğal altnda qaldı, 1 milyon məcburi köçkün və qaçqınımız oldu, dini-mədəni abidələrimiz darmadağın edildi, xalqımıza qarşı soyqırımlar törədildi, amma beynəxalq ictimaiyyət bu haqsızlıqların üstündən heç nə olmamış kimi ötüb keçdi. Lakin Azərbaycana öz ərazilərinin suverənliyini təmin etdiyinə, pozulmuş hüquqlarımızı bərpa etdiyinə və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytardığına görə, Fransa və digər erməni dəstəkçiləri təzyiq göstərməyə başladılar.
Azərbaycanlılara qarşı törədilən cinayətlərə susqunluqla yanaşanlar bu gün ermnənilərə maliyyə və siyasi dəstək göstərirlər. Təbii ki, bizə qarşı bu haqsızlıq biz islam dininin daşıyıcıları olduğumuza görə baş verir. Amma beynəlxalq hüquqda dini mənsubiyyətinə görə hər hansı xalqın nümayəndələrinə üstülük verilməsi qeyd olunmur. Təəssüf ki, dünya nizamı beynəlxalq nizama görə qurulmayıb”.











