media-ulvi
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən, müstəqilliyimizin hüquqi təminatını formalaşdıran və ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyən edən ən ali qanunvericilik sənədidir. Hər bir dövlətin əsas dayağı olan Konstitusiya onun siyasi, hüquqi, iqtisadi və sosial quruluşunun bünövrəsini təşkil edir.
Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın əhəmiyyətini bu sözlərlə ifadə etmişdir:
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Azərbaycanın konstitusiya quruluşu hələ XX əsrin əvvəllərindən formalaşmağa başlamışdır. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. İlk Konstitusiya isə 1921-ci il mayın 19-da Azərbaycan SSR-in I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Sonrakı illərdə — 1925, 1927, 1937 və 1978-ci illərdə yeni redaksiyalarla Konstitusiyalar qəbul edilmişdir.
1978-ci il Konstitusiyasının ən mühüm yeniliyi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması olmuşdur. Bu, milli kimliyimizin qorunması baxımından tarixi hadisə idi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdı. Lakin 1991–1993-cü illərdə ölkədəki siyasi sabitliyin pozulması bu prosesi ləngitmişdi. Yalnız xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətin xilaskarı kimi çıxış edərək ölkədə sabitliyi bərpa etdi və müasir, demokratik dövlət quruculuğu üçün zəmin yaratdı.
Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası 1995-ci ildə yeni Əsas Qanun layihəsini hazırladı. 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq referendumu nəticəsində seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Konstitusiya həmin ilin 27 noyabrında qüvvəyə mindi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə qeyd etmişdir:
“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.”
Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edilmişdir. Daha sonra 1996-cı il 1 noyabr tarixli Fərmanla bu günün ölkə üzrə təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin demokratik, hüquqi, dünyəvi və unitar xarakterini müəyyənləşdirir. Əsas Qanunumuz hakimiyyət bölgüsü prinsipini — qanunverici, icraedici və məhkəmə hakimiyyətinin ayrılığını təsbit edir.
Konstitusiyanın 48 maddəsi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Burada irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin edilir.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır. Bu orqan Konstitusiyanın aliliyini təmin edən mühüm hüquqi təsisat kimi fəaliyyət göstərir.
2020-ci ildə Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatında qazanılmış tarixi qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu böyük nailiyyətlər nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Eyni zamanda, 2025-ci il oktyabrın 10-da qəbul edilmiş Qanuna əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir. Bu medal Konstitusiyanın hazırlanması, təkmilləşdirilməsi, hüquq sisteminin inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.
Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin mühüm tərkib hissəsidir. Bu sənəd dövlətimizin siyasi, sosial və hüquqi əsaslarını müəyyənləşdirərək, ölkənin sabit inkişafını təmin edən möhkəm hüquqi baza yaratmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Konstitusiyanın prinsiplərinə sadiq qalaraq suverenliyini möhkəmləndirir, insan hüquq və azadlıqlarının qorunması, ədalətli və demokratik cəmiyyətin inkişafı istiqamətində inamla irəliləyir.
12 Noyabr — Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın müstəqilliyinin, dövlətçiliyinin və hüquqi düşüncəsinin təntənəsidir.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər