media-perv

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü iki ölkə arasında siyasi dialoqun davamlılığını və əməkdaşlığın geniş spektrini bir daha gündəmə gətirib. Dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin təkcə dostluq çərçivəsində deyil, həm də strateji tərəfdaşlıq xətti üzrə inkişaf etdiyini təsdiqləyir.

Son dörd il ərzində iki ölkə liderləri arasında yeddi görüşün keçirilməsi münasibətlərin dinamik xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev bu görüşlərin həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlər çərçivəsində baş tutduğunu qeyd edərək,  siyasi dialoqun əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri münasibətlərin hüquqi-siyasi əsasını təşkil edir. Bu sənədlərdə hər iki ölkənin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək prinsipi xüsusi yer tutur. Bu amil təkcə ikitərəfli münasibətlərin deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın əsas istiqamətlərindən biri kimi çıxış edir. Tərəflər BMT, ATƏT, GUAM və digər platformalarda bir-birinin mövqeyini dəstəkləməkdə davam edirlər.

Görüşdə iqtisadi əlaqələr, xüsusilə enerji sektoru xüsusi diqqət mərkəzində olub. SOCAR-ın Ukraynada uzun illərdir fəaliyyət göstərməsi enerji əməkdaşlığının sabit və praktik nəticələr verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin açıqlamasına görə, hazırda ticarət dövriyyəsi yarım milyard dolları ötüb və tərəflər bu göstəricinin daha da artırılması üçün geniş imkanlar görür. Enerji ilə yanaşı, investisiya və birgə layihələr də əməkdaşlığın əsas istiqamətləri kimi qiymətləndirilir. Bəyanatda hərbi-texniki əməkdaşlıq və sənaye istehsalı sahəsində birgə layihələrə də toxunulub. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişaf etməsi bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır. Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında XİN-lərarası məsləhətləşmələr, hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. İki ölkə arasında imzalanmış 150-də çox sənəd əməkdaşlığın geniş hüquqi bazasını formalaşdırır. Bakıda keçirilən görüş Azərbaycan–Ukrayna münasibətlərinin sabit siyasi dialoq, qarşılıqlı etimad və geniş əməkdaşlıq gündəliyi üzərində inkişaf etdiyini bir daha nümayiş etdirdi. Mövcud dinamika göstərir ki, tərəflər həm ikitərəfli, həm də beynəlxalq müstəvidə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar və bu münasibətlər regionda mühüm siyasi-iqtisadi amil kimi qalmaqda davam edir.

Pərvin Kərimzadə

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü


media-728x90banner

Bənzər xəbərlər