Azərbaycan geniş regional əməkdaşlıq layihələri həyata keçirəcək
Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bütövlükdə region üçün mühüm tarixi hadisə olub. Bu səfər çərçivəsində Avaza şəhərində keçirilən görüşlər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkmənistanı birləşdirən dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Siyasi, iqtisadi və humanitar sahələrdə hər iki ölkənin mövqeləri üst-üstə düşür. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edib, həm Bakıda, həm də Qarabağ bölgəsində görüşlər keçirilib və mühüm məsələlər müzakirə olunub. Həmin görüşlərdə tərəflərin baxışlarının tam uyğunluğu gələcək əməkdaşlıq üçün strateji təməl formalaşdırıb. Bu da onu göstərir ki, iki qardaş ölkə bundan sonra da sürətlə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq ruhunda həll edəcək.
Bu gün Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, regional və beynəlxalq müstəvidə də əhəmiyyətli nəticələr doğurur. İki ölkənin siyasi liderlərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşləri, imzalanan sənədlər və konkret layihələr tərəflərin gələcəyə baxışlarının nə qədər yaxın olduğunu bir daha sübut edir. Ən əsası isə bu əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimad, hörmət və qardaşlıq prinsiplərinə əsaslandığından uzunmüddətli və davamlı xarakter daşıyır.
Azərbaycan və Türkmənistan yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq sahələrində mühüm təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslər xalqlarımız arasında daha sıx inteqrasiyaya şərait yaradır, eyni zamanda bölgədə sabitlik və rifahın möhkəmlənməsinə xidmət edir. Gələcək illərdə həyata keçiriləcək birgə layihələr isə regionun geosiyasi və iqtisadi çəkisini artırmaqla yanaşı, Azərbaycan–Türkmənistan tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcək.
Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli Zirvə görüşü bölgənin siyasi tarixində əlamətdar hadisə kimi mühüm önəm kəsb edir. Artıq üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə müvafiq göstərişlər verilib. Bu format gələcəkdə konkret sahələr üzrə layihələrin müzakirəsini, onların icrasını və nəticə yönümlü əməkdaşlığı təmin edəcək.
Görüş çərçivəsində imzalanan sənədlər geniş spektri əhatə edir. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun gücləndirilməsi, elektroenergetika və enerji layihələrinin icrası, neft-qaz əməkdaşlığının dərinləşdirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı xüsusi yer tutur. Bu istiqamətlər həm iqtisadi maraqların təmin edilməsinə xidmət edir, həm də ölkələr arasında qarşılıqlı etimadı artıran siyasi, sosial və mədəni əməkdaşlığı gücləndirir. Avaza görüşü bütün bölgənin inkişafına, inteqrasiyasına və uzunmüddətli sabitliyinə xidmət edən yeni əməkdaşlıq modelidir. Bu model gələcəkdə daha geniş regional əməkdaşlıq mexanizminin əsasını formalaşdırmaq gücündədir. Burada diqqət çəkən məqamlarından biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesinə qardaş dövlətlərin verdiyi dəstəyin nümayiş olunması idi. Bu dəstək təkcə siyasi və mənəvi deyil, həm də real və praktiki əhəmiyyət daşıyır.
Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərində bu ölkə tərəfindən məscid inşa ediləcəyini elan edib. Bu məscid yalnız dini-mənəvi dəyərlərin bərpasına deyil, həm də Azərbaycan və Türkmənistan xalqları arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək. Artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın gələcəkdə onun təməli qoyulacaq. Bu layihə türkmən xalqının və liderinin xalqımıza verdiyi mənəvi dəstəyin bariz nümunəsi hesab olunur.
Özbəkistanın Qarabağ bölgəsinə dəstəyi isə həm təhsil, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki sosial-iqtisadi cəhətdən böyük töhfədir. Bununla yanaşı, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb də istifadəyə verilib. Bu təhsil ocağı yüzlərlə gənc qarabağlıya yeni üfüqlər açmaqla yanaşı, Azərbaycan-Özbəkistan qardaşlığının əyani təzahürünə çevrilib. Belə təşəbbüslər göstərir ki, Türkmənistan və Özbəkistan Azərbaycanın dirçələn Qarabağ bölgəsinə təkcə sözlə deyil, əməldə dəstək verirlər. Bu həm də üç ölkə arasındakı münasibətlərin konkret nəticələr əsasında möhkəmləndiyini sübut edir.
Avaza şəhərində keçirilən Zirvə görüşü bir daha təsdiqləyir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı münasibətlər regional təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edən strateji əməkdaşlıq modelinə çevrilməkdədir. Bu, bölgəmizdə sülh və tərəfdaşlığa yönəlmiş yeni əməkdaşlıq formatıdır və gələcəkdə geniş perspektivlər açacaq.
Üç ölkə arasında imzalanan sənədlər və səsləndirilən mesajlar göstərir ki, tərəflər yalnız iqtisadi əməkdaşlığa deyil, həm də siyasi həmrəyliyə, qarşılıqlı dəstəyə və birgə inkişaf strategiyasına böyük önəm verirlər. Bu, regionun nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyini təmin etməklə yanaşı, ortaq mədəni və tarixi dəyərlərə əsaslanan inteqrasiya prosesini daha da sürətləndirəcək.
Beləliklə, qardaş dövlətlərin mövqelərinin yaxınlığı, həyata keçirdikləri layihələr və işğaldan azad olunmuş ərazilərə verdikləri dəstək gələcəkdə regional sabitlik və inkişaf üçün etibarlı zəmin formalaşdırır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı