Azərbaycan geosiyasi mərkəzə çevrilib
Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının həm siyasi, həm də iqtisadi gücünün bariz göstəricisidir.
Zirvədə Türk Dövlətləri Təşkilatının məqsədləri, artan gücü və gələcək perspektivləri, eləcə də Azərbaycanın bu qurumdakı xüsusi rolu və nüfuzu diqqət mərkəzindədir. Qardaş ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bu görüş, həm mənəvi, həm də strateji baxımdan Türk birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi tarixə düşəcək.
Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edərək qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı bu gün sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilmişdir. Dövlət başçısının sözləri ilə desək, “bu gün Türk Dövlətləri Təşkilatı regionun və dünyanın sabitliyinə, əməkdaşlığına və inkişafına töhfə verən güc mərkəzlərindən birinə çevrilib”. Bu bəyanat Təşkilatın gələcək istiqamətinin və üzv dövlətlərin qarşısında duran strateji vəzifələrin aydın göstəricisidir.
Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də lider ölkə kimi önəmli rol oynayır. Qəbələdə Zirvə Görüşünün keçirilməsi təsadüfi deyil — bu, Azərbaycanın Türk dünyasında artan nüfuzunun və etimadının təzahürüdür. Ölkəmiz bu illər ərzində Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və mədəni potensialının güclənməsinə mühüm töhfələr verib. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə çoxsaylı mühüm sərmayə layihələrini icra edib, ümumi sərmayə həcmi 20 milyard dollardan artıqdır. Bu fakt bir daha göstərir ki, Azərbaycan yalnız siyasi deyil, həm də iqtisadi baxımdan Türk dünyasının mərkəzi oyunçularından biridir.
Dövlət başçısı xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, “Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb”. Bu rəqəm Türk dövlətləri arasında ticarət əlaqələrinin və tranzit imkanlarının getdikcə genişləndiyini, Azərbaycanın isə bu istiqamətdə əsas tranzit ölkə kimi çıxış etdiyini nümayiş etdirir. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhlizin, Bakı–Tbilisi–Qars dəmir yolunun və Ələt Limanının gələcəkdə regionu birləşdirən strateji arteriyalar kimi əhəmiyyət daşıdığını qeyd etdi.
Zirvə görüşündə təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev qeyd etdi ki, “hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”. Azərbaycan liderinin bu fikri Türk dövlətlərinin müdafiə sahəsində daha sıx əməkdaşlıq etməsi üçün çağırış xarakteri daşıyır. Dövlət başçısı 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs Türk dünyasının yalnız iqtisadi və mədəni deyil, həm də strateji və müdafiə baxımından birləşməsi istiqamətində mühüm addım hesab olunur.
Prezident İlham Əliyev çıxışında həmçinin Türk dünyasının ortaq mədəni dəyərlərinə və tarixi irsinə diqqət çəkdi. O bildirdi ki, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyi Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmalıdır. Bu təşəbbüs bir tərəfdən ortaq tarixi mirasın qorunması və gənc nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır, digər tərəfdən isə Türk birliyinin ideoloji təməllərini daha da gücləndirir.
Azərbaycanın Türk dünyasındakı mövqeyi bu gün həm siyasi nüfuz, həm iqtisadi güc, həm də diplomatik təsir baxımından açıq şəkildə hiss olunur. Qarabağ Zəfəri, bərpa və quruculuq prosesləri, regional sülhə yönəlik təşəbbüslər Azərbaycanın təkcə milli deyil, həm də ümumtürk maraqlarına xidmət edən dövlət olduğunu göstərir.
Nəticə etibarilə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu Zirvə, Türk birliyinin qarşılıqlı etimadın və strateji həmrəyliyin artdığını və gücləndiyini nümayiş etdirdi. Azərbaycanın ev sahibliyi etdiyi bu görüş Türk dünyasının birliyini daha da gücləndirdi, eyni zamanda ölkəmizin regional liderlik mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi, “Türk dünyası bir araya gəldikdə, onun gücünə heç bir qüvvə qarşı dura bilməz”. Bu, yalnız diplomatik bəyanat deyil, həm də gələcək strateji xəttin mahiyyətini ifadə edən tarixi mesajdır.
Göydəniz Qəhramanov
Millət vəkili