“Azərbaycan ictimaiyyəti ekoloji sabitliyin qorunması ilə bağlı ciddi tədbirlər görür” – Musa Quliyev
“Dünən cənab Prezident ölkənin sosial-iqtisadi inkişafının 6 aylıq yekunlarına dair müşavirədə bir çox ciddi məsələlərə toxundu. O cümlədən burada ekoloji məsələlərə də münasibət bildirildi. Cənab Prezident Ermənistan tərəfindən bizim ekologiyamıza ciddi zərər vurulduğunu və prosesin davam etdiyini bildirdi”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, 30 il ərzində Şərqi Zəngəzur və Qarabağı işğal altında saxlayan ermənilər bu ərazilərdə bizim ekoloji sərvətimizi tamamilə talayıb, dağıdıblar: “60 min hektardan çox ərazidə meşə örtüyü məhv edilmiş, ağaclar yandırılmışdır. Eyni zamanda təbii sərvətlərimizi həm də talan edərək ekologiyaya ciddi zərər vurublar.
Hazırda Ermənistan Naxçıvanla sərhəddə ağır metallurgiya zavodunun inşasına başlamışdır. Hansı ki, bu zavoddakı tullantılar Arpa çayına tökülməsi və onun vasitəsilə Naxçıvan ərazisindən keçərək, Araz çayını çirkləndirməsi təhlükəsi çox böyükdür. Bununla əlaqədar cənab Prezident öz etirazını bildirmiş və bunun beynəlxalq konvensiyalara ziddi olduğunu söyləmişdir. Azərbaycanın müvafiq QHT-ləri də məsələyə öz etirazlarını bildiriblər.
Şübhəsiz ki, bu məsələdə də Azərbaycanın Ermənistanı məhkəməyə vermək, təzminat tələb etmək, beynəlxalq hüququ təmin etmək imkanları var. Bu istiqamətdə də işlərin görülməsi üçün cənab Prezident hökumət qarşısında tapşırıqlar qoymuşdur.
Azərbaycan ictimaiyyəti ekoloji sabitliyin qorunması ilə bağlı ciddi tədbirlər görür. Xüsusilə ötən ilin sonlarına doğru başlayan və 3 aydan çox davam edən ekoaksiya ekoloji sabitliyi təmin etmək baxımından böyük bir rol oynadı.
Dünənki müşavirə zamanı da cənab Prezident bu məsələlərlə əlaqədar çox ciddi tapşırıqlar verdi”.










