Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngindir. Bu bəyanatı dövlət başçılarının görüşünün nəticələri barədə məlumat kimi qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, əslində burada Azərbaycan-Laos münasibətlərinin yeni mərhələyə keçirilməsi üçün siyasi iradə, iqtisadi hədəflər və konkret əməkdaşlıq istiqamətləri ortaya qoyulur.
Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi, qəbul edilmiş Birgə Bəyanat “gələcək əməkdaşlığı özündə ehtiva edir” və əsas istiqamətləri müəyyənləşdirir. Bu baxımdan 13 oktyabr səfəri Azərbaycan ilə Laos arasında üç onillikdən artıq davam edən diplomatik münasibətlərin sadəcə növbəti mərhələsi deyil, mövcud siyasi etimadın praktiki əməkdaşlıq mexanizmlərinə çevrilməsi baxımından mühüm hadisədir.
30 ildən artıq dostluğun yeni siyasi mərhələsi başlayır. Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Bu münasibətlər illər ərzində yüksək səviyyədə qarşılıqlı hörmət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla müşayiət olunub. Azərbaycanın Vyetnamdakı səfirliyi eyni zamanda Laosda akkreditə olunub, Laosun Moskvadakı səfirliyi isə Azərbaycanda akkreditasiyadan keçib. Lakin münasibətlərin tarixində 13 oktyabr 2026-cı il ayrıca yer tutur. Çünki Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri Laos dövlət başçısının ölkəmizə ilk rəsmi səfəridir. Laos Prezidenti özü də bu səfəri iki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından sonra dövlət başçısı səviyyəsində ilk səfər kimi xarakterizə edib və bunu tarixi mərhələ adlandırıb. Bu məqamın siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq uzun müddətdir ki, Asiya istiqamətində xarici siyasətini yalnız ikitərəfli münasibətlərlə məhdudlaşdırmır. Azərbaycan üçün Asiya dövlətləri ilə əməkdaşlıq həm siyasi dialoqun genişləndirilməsi, həm də yeni iqtisadi, nəqliyyat və humanitar imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Laosla münasibətlər də məhz bu geniş strategiyanın bir hissəsi kimi nəzərdən keçirilməlidir. Prezident İlham Əliyevin bəyanatında əsas mesaj siyasi münasibətləri iqtisadi nəticəyə çevirmək oldu. Azərbaycan–Laos əlaqələrinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siyasi münasibətlər iqtisadi münasibətlərdən xeyli öndədir.
Prezident İlham Əliyev də bunu açıq şəkildə ifadə etdi. İki ölkə arasında siyasi, parlamentlərarası və partiyalararası əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı eyni dinamikanın iqtisadi sahədə də təmin edilməsinin vacibliyini qeyd etdi. Bu yanaşma təsadüfi deyil. Mövcud ticarət göstəriciləri iki ölkənin real potensialından kifayət qədər uzaqdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 217,42 min ABŞ dolları, 2024-cü ildə 234,01 min dollar, 2025-ci ilin yanvar-sentyabr aylarında isə 265,32 min dollar təşkil edib. Mövcud göstəricilərin praktiki olaraq Laosdan Azərbaycana idxaldan formalaşması da iqtisadi əlaqələrin struktur baxımından hələ ilkin mərhələdə olduğunu göstərir. Deməli, Prezidentin “bugünkü ticarət dövriyyəmiz nə potensialımızı, nə də niyyətimizi əks etdirir” mesajı əslində iki ölkə arasında iqtisadi münasibətlərin indiki səviyyəsinə verilmiş siyasi qiymətdir. Bu qiymətləndirmə ilə yanaşı, artıq konkret mexanizm də müəyyənləşdirilir: Bakıda Azərbaycan-Laos biznes forumunun keçirilməsi.
Biznes forumunun əhəmiyyəti yalnız sahibkarların görüşməsi ilə məhdudlaşmır. Bu platforma qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsi, Laos bazarının Azərbaycan şirkətləri üçün tanıdılması, Azərbaycan investorlarına konkret layihələrin təqdim olunması və iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin qurulması baxımından yeni mərhələnin başlanğıcı ola bilər. Prezident İlham Əliyevin Laos tərəfindən konkret investisiya layihələri təqdim olunacağı halda Azərbaycanın bunlara maraqla baxmağa hazır olduğunu bildirməsi də Azərbaycanın xarici investisiya siyasətinin imkanlarının Laos üçün açıq olduğunu göstərir.
Azərbaycan investoru üçün Laos yeni istiqamət ola bilər. Son illərdə Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan şirkətləri enerji, nəqliyyat, tikinti, sənaye, xidmət və digər sahələrdə xarici bazarlarda layihələr həyata keçirirlər. Prezidentin Laosla bağlı mesajında bu təcrübənin ikitərəfli əməkdaşlığa tətbiqi xüsusilə diqqətçəkəndir. Burada söhbət sadəcə “ticarəti artıraq” yanaşmasından getmir. Daha geniş yanaşma mövcuddur. Bura konkret layihə, konkret investor, konkret istehsal və konkret nəticə daxildir. Bu model Laos üçün də faydalı ola bilər. Azərbaycan investisiyası yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artmasına və infrastruktur layihələrinin reallaşdırılmasına töhfə verə bilər. Eyni zamanda Laos Azərbaycanın Cənub-Şərqi Asiyadakı iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi üçün əlavə imkan yaradır.
Prezident İlham Əliyevin bəyanatının ən strateji hissələrindən biri nəqliyyat və bağlantılarla bağlıdır. Laosun qonşu ölkələrlə dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi nəticəsində gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna qoşulmaq imkanının müzakirə olunması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın burada üstünlüyü ondan ibarətdir ki, ölkə ərazisində əsas nəqliyyat-logistika layihələrinin böyük hissəsi artıq formalaşdırılıb. Buna görə Azərbaycanın qarşısında duran növbəti vəzifə yalnız infrastruktur qurmaq deyil, həmin infrastruktura daha çox yük cəlb etməkdir. Bu baxımdan Laosun Trans-Xəzər marşrutuna mümkün çıxışı iki ölkəni yalnız siyasi və iqtisadi deyil, həm də nəqliyyat baxımından birləşdirə biləcək yeni xətt yaradır. Başqa sözlə, Azərbaycan üçün məqsəd Şərq-Qərb nəqliyyat xəttinin coğrafiyasını genişləndirməkdirsə, Laos üçün məqsəd Cənub-Şərqi Asiyadan Avropaya çıxış imkanlarını şaxələndirməkdir. Bu iki marağın kəsişdiyi məkan isə Trans-Xəzər marşrutudur.
13 oktyabr bəyanatında xüsusi diqqət çəkən məsələlərdən biri təhsil sahəsində əməkdaşlıqdır. Sovet dövründə Azərbaycanda iki mindən çox laoslu tələbənin təhsil alması iki ölkənin münasibətlərində çox maraqlı və dəyərli tarixi-humanitar təcrübənin mövcud olduğunu göstərir. Prezident İlham Əliyevin bu ənənənin bərpa olunmasını təklif etməsi və təqaüd mexanizminin yaradılmasını gündəmə gətirməsi münasibətlərin uzunmüddətli perspektivi baxımından mühüm addımdır. Bu məsələni yalnız təhsil mübadiləsi kimi qiymətləndirmək düzgün olmaz. Xaricdə təhsil alan gənclər sonradan ölkələr arasında humanitar və iqtisadi körpülərə çevrilirlər. Azərbaycanda təhsil alacaq yeni nəsil laoslu mütəxəssislər gələcəkdə iki ölkənin dövlət qurumlarında, biznes dairələrində və elm-təhsil müəssisələrində əməkdaşlığın inkişafına töhfə verə bilərlər. Bu baxımdan təqaüd proqramının yaradılması siyasi münasibətlərə insan kapitalı dimensionu qazandırır.
Təsadüfi deyil ki, 2023-cü ildə Laosun Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdə də sovet dövründə çoxlu sayda laoslu tələbənin Azərbaycanda təhsil aldığı xüsusi qeyd edilmiş, iqtisadi və turizm əlaqələrinin genişləndirilməsi üçün imkanların olduğu vurğulanmışdı. Deməli, 2026-cı ildə səslənən təklif sonradan ortaya çıxmış ideya deyil. Bu, bir neçə ildir müzakirə olunan potensialın artıq konkret mexanizmə çevrilməsidir. Bütün bunlarla yanaşı, mina təhlükəsi iki ölkənin ağrılı təcrübəsini birləşdirir. Azərbaycan ilə Laos arasında ən diqqətçəkən əməkdaşlıq istiqamətlərindən biri də humanitar minatəmizləmə sahəsidir. İki ölkənin tarixində müxtəlif müharibələrin yaratdığı mina problemi bu gün də insanların həyatına təhlükə yaradır. Prezident İlham Əliyev Laos tərəfinin də müharibədən onilliklər keçməsinə baxmayaraq mina probleminin davam etdiyini qeyd edib və Azərbaycanın təcrübəsi ilə Laosun təcrübəsinin bölüşdürülməsinin, yeni texnologiyaların və təlimlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan özü mina probleminin miqyasını son illərdə dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyev 2023-cü ildə Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırdığını və 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşın mina qurbanı olduğunu bildirmişdi. Belə bir şəraitdə Azərbaycan-Laos əməkdaşlığının humanitar minatəmizləmə istiqamətinə keçməsi xüsusi məna daşıyır. Bu əməkdaşlıq gələcəkdə birgə təlimlər, mütəxəssis mübadiləsi, texnologiya transferi və beynəlxalq platformalarda mina təhlükəsinə qarşı birgə təşəbbüslər formasını ala bilər.
Azərbaycanın son illərdə humanitar minatəmizləməni yalnız milli təhlükəsizlik məsələsi kimi deyil, qlobal humanitar gündəmin bir hissəsi kimi təqdim etməsi də Laosla bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan-Laos münasibətlərində siyasi əlaqələrin daha bir mühüm dayağı parlament diplomatiyasıdır. Laos Milli Assambleyasında Azərbaycanı da əhatə edən parlamentlərarası dostluq qrupunun 2021-ci ildə yaradılması əlaqələrin institusional əsasının gücləndiyini göstərir. 2025-ci ilin dekabrında isə Azərbaycan və Laos xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi siyasi dialoqun artıq daha sistemli xarakter aldığını göstərib. Bu fonda Prezident İlham Əliyevin parlamentlərarası əlaqələri və hakim partiyalar arasındakı əməkdaşlığı xüsusi qeyd etməsi təsadüfi deyil.
Siyasi münasibətlərin davamlılığı üçün dövlət başçıları səviyyəsində dialoq kifayət etmir. Parlamentlər, siyasi partiyalar, hökumətlər və ekspert dairələri arasında əlaqələrin paralel inkişafı münasibətləri daha dayanıqlı edir. Azərbaycan və Laos nümunəsində belə çoxsəviyyəli diplomatiyanın formalaşdığını görürük. 13 oktyabr səfərinin başqa bir mühüm tərəfi Azərbaycan–Laos münasibətlərinin müasir diplomatik əlaqələrdən daha qədim siyasi yaddaşa söykənməsidir.
Rəsmi nahardan sonra Prezident İlham Əliyev, Prezident Thonqlun Sisulit və Laosun Baş nazirinin müavini, xarici işlər naziri Tonqsavan Fomfihan 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Laosa səfəri zamanı Kaysone Fomfihanla görüşünü əks etdirən fotolara baxıblar. Kaysone Fomfihan indiki Laos xarici işlər nazirinin atasıdır. Bu detal diplomatik protokoldan daha artıq məna daşıyır.
1986-cı ildə qurulan siyasi təmaslarla 1995-ci ildə müstəqil Azərbaycanla Laos arasında diplomatik münasibətlərin yaradılması, 2017-ci ildə qarşılıqlı xarici işlər naziri səfərləri, 2021-ci ildə parlamentlərarası dostluq qrupunun yaradılması, 2023-cü ildə səfirlik səviyyəsində dialoqun gücləndirilməsi, 2025-ci ildə ilk siyasi məsləhətləşmələrin keçirilməsi və nəhayət, 2026-cı ildə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri – bütün bunlar münasibətlərin tədricən institusional dərinlik qazandığını göstərir. Bu xronologiya mühüm bir nəticəyə gətirir: 13 oktyabr hadisəsi başlanğıc deyil. Bu, uzun illər ərzində formalaşmış siyasi etimadın yeni mərhələyə keçid nöqtəsidir. Laos coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşir. Lakin müasir beynəlxalq münasibətlər sistemində məsafə siyasi və iqtisadi əhəmiyyəti müəyyən edən əsas amil deyil.
Laos Azərbaycanın Cənub-Şərqi Asiyada əlaqələrini genişləndirmək, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi gücləndirmək, yeni iqtisadi tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli tərəfdaşdır. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Laosla qarşılıqlı əməkdaşlıq və beynəlxalq təşkilatlarda dəstək xüsusi əhəmiyyət daşıyıb. 2023-cü ildə Laos səfirinin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev də BMT və Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulamışdı. Bu gün isə münasibətlərin gündəliyi daha genişdir: siyasət, parlament diplomatiyası, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, enerji, mədənçilik, təhsil və humanitar minatəmizləmə. 13 oktyabrda kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsinə dair sazişin mübadiləsinin aparılması da siyasi bəyanatların artıq hüquqi və institusional mexanizmlərlə müşayiət olunduğunu göstərir.
Prezident İlham Əliyevin bəyanatının ən mühüm tərəfi, fikrimcə, məhz bundan ibarətdir: Azərbaycan və Laos artıq münasibətlərin siyasi əsasını formalaşdırıblar. İndi əsas məsələ həmin siyasi iradəni konkret layihələrə çevirməkdir. Bunun üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır: Bakıda keçiriləcək Azərbaycan–Laos biznes forumu real layihələr və müqavilələrlə nəticələnməlidir. Laosun Trans-Xəzər marşrutuna çıxışı məsələsi uzunmüddətli nəqliyyat strategiyasının tərkib hissəsinə çevrilə bilər və Azərbaycan investorlarının Laosda fəaliyyət göstərə biləcəyi sahələr müəyyənləşdirilməlidir. Digər tərəfdən təqaüd proqramı vasitəsilə Azərbaycan universitetlərində Laos üçün kadr hazırlığına başlanılması iki ölkənin humanitar əlaqələrinə yeni nəfəs verə bilər. Mina təhlükəsinə qarşı Azərbaycan və Laosun təcrübə mübadiləsi ayrıca əməkdaşlıq proqramına çevrilə bilər.
Parlamentlərarası və partiyalararası əlaqələrin genişləndirilməsi də əsas istiqamətlərdəndir. Siyasi dialoqun davamlılığını təmin edə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr bəyanatının mahiyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, demək olar ki, Azərbaycan-Laos münasibətlərində siyasi dostluğun praktiki tərəfdaşlığa çevrilməsi üçün yeni yol xəritəsi formalaşır.
30 ildən artıq diplomatik münasibətlər, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, parlament və partiyalararası əlaqələr, tarixi-humanitar bağlar artıq möhkəm siyasi baza yaradıb. İndi isə qarşıda daha mürəkkəb, amma daha perspektivli mərhələ dayanır: ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, nəqliyyat bağlantılarının genişləndirilməsi, təhsil əlaqələrinin bərpası, kənd təsərrüfatı və mədənçilik sahəsində əməkdaşlıq və mina təhlükəsinə qarşı birgə fəaliyyət.
Laos Prezidentinin ilk rəsmi səfərinin məhz bu qədər geniş gündəliklə müşayiət olunması təsadüfi deyil. Bu səfər göstərir ki, Azərbaycan üçün dost ölkələrlə münasibətlər yalnız siyasi bəyanatlar səviyyəsində qalmır. Məqsəd siyasi etimadı iqtisadi nəticəyə, humanitar əməkdaşlığa və regional bağlantılara çevirməkdir. Bu mənada 13 oktyabr 2026-cı il Azərbaycan–Laos münasibətlərinin tarixində yeni səhifənin başlanğıcı kimi qiymətləndirilə bilər. Birgə Bəyanat isə həmin səhifənin siyasi çərçivəsini müəyyənləşdirir. Əsas vəzifə bundan sonra başlayır: həmin çərçivəni real layihələrlə doldurmaq.
Azərbaycanın bu istiqamətdə siyasi iradəsi, iqtisadi imkanları və beynəlxalq nəqliyyat-logistika mövqeyi var. Laos tərəfinin də qarşılıqlı maraq nümayiş etdirməsi ilə iki ölkə arasında münasibətlərin “dostluq və həmrəylik” mərhələsindən konkret nəticələr verən çoxşaxəli tərəfdaşlıq mərhələsinə keçməsi üçün ciddi əsaslar formalaşıb.
Məşhur Məmmədov
Milli Məclisin deputatı










