Azərbaycan ilə Latviya arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək yeni mərhələyə yüksəlib. Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri də əlaqələrin gələcək inkişafı baxımından mühüm hadisədir.
Bu əlaqələrin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət mühüm rol oynayır. Yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, hökumətlərarası əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu münasibətlərin əsasını təşkil edir.
Azərbaycan-Latviya münasibətlərinin əsası müstəqilliyin ilk illərində qoyulub. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb, 1994-cü il yanvarın 11-də diplomatik münasibətlər qurulub. Sonrakı illərdə səfirliklərin fəaliyyətə başlaması əlaqələrin institusional əsaslarını gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu münasibətlər daha sistemli xarakter alaraq siyasi, iqtisadi və humanitar sahələrdə genişlənib.
İkitərəfli əlaqələrin inkişafında 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı imzalanan bu sənəd münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib və əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Bu gün də həmin siyasi iradə nəticəsində əlaqələr dayanıqlı və çoxşaxəli şəkildə inkişaf edir.
Bakıda keçirilən son görüşlərdə iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, humanitar əlaqələr və regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Prezident İlham Əliyevin iqtisadi diplomatiyaya verdiyi önəm biznes-forum və Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti fonunda bir daha aydın göründü. Qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, birbaşa aviareyslərin açılması və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi münasibətlərin praktik məzmununu daha da artırır.
Səfər çərçivəsində imzalanan sənədlər də göstərir ki, Azərbaycan-Latviya münasibətləri artıq konkret nəticələr üzərində qurulur. Prezident İlham Əliyevin ardıcıl siyasi xətti nəticəsində Azərbaycan bu gün Avropa məkanında etibarlı tərəfdaş kimi çıxış edir. Qarşılıqlı etimad, fəal siyasi dialoq və ortaq maraqlar iki ölkə arasında əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əsas yaradır.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər