Azərbaycan Liderinin qətiyyəti ilə xalqımız firavan yaşayır
Tarixdə elə günlər var ki, onlar sadəcə bir təqvim tarixi deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsi, milli yaddaşın parlaq səhifəsidir. 18 oktyabr Azərbaycan xalqının azadlıq iradəsinin, milli qürurunun, dövlətçilik əzminin rəmzidir. Bu gün Azərbaycan xalqının əsarətdən azad olub, öz tarixi taleyinə sahib çıxdığı, müstəqilliyini bərpa etdiyi şanlı gündür.
Bu tarix, bir əsrlik həsrətin sona çatdığı, millətin azadlıq ideallarının reallaşdığı, dövlət bayrağımızın yenidən azad səmalarda dalğalandığı gündür. 18 oktyabr bizə xatırladır ki, azadlıq heç vaxt verilmir onu qazanmaq üçün xalqın iradəsi, birliyi və inamı gərəkdir.
Bu gün biz həmin müqəddəs tarixi böyük qürur və iftixarla xatırlayır, müstəqilliyimizi bizə bəxş edən, onu qorumaq və ucalara qaldırmaq uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anırıq.
Əlamətdar gün ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva öz fikirlərini bölüşüb:
“18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpası günüdür. Müstəqilliyin bir əsrdə ikinci dəfə elan olunduğu gündür. Hər birimiz çox yaxşı bilirik ki, Azərbaycanın son bir əsrlik tarixinin keşməkeşli səhifələri nə qədər ağır yüklüdür. Azərbaycanın ilk müstəqillik dövrü çox təəssüflər olsun ki, çox qısa ömür sürdü. Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının taleyi yarımçıq qaldı. Bunun hansı səbəblərdən baş verdiyini isə hər birimiz tarix kitablarından, arxiv materiallarından yaxşı bilirik.
Xalq 70 il ərzində yenidən müstəqil olmaq arzusu ilə yaşadı, gözlədi. Və nəhayət, rejimin çökməyə başladığı, SSRİ imperiyasının təməllərinin sarsıldığı bir zamanda xalq öz istəyini, illərdən bəri müstəqil yaşamaq, öz dövlətinə sahib olmaq, öz ənənələrini, dilini, dinini yenidən yaşatmaq və gələcək nəsillərə müstəqil bir ölkənin atributları kimi təqdim etmək arzusu ilə meydanlara çıxdı və öz müstəqilliyini növbəti dəfə elan etdi.
Bu, elə bir dövr idi ki, Azərbaycan həm daxildə, həm də xaricdə böyük çətinliklərlə qarşılaşmışdı. O zamankı adla “Dağlıq Qarabağ” ərazisində Azərbaycana, onun torpaqlarına və insanlarına qarşı böyük bir ayrı-seçkilik, diskriminasiya, eyni zamanda təcavüz planı həyata keçirilməyə başlanmışdı. Azərbaycan həm torpaqlarını itirir, həm də torpaq itkisi təhlükəsi ilə üz-üzə qalırdı. İnsanlar artıq qaçqın və köçkün vəziyyətinə düşmüşdülər. Sovet imperiyasının boyunduruğu altında qalmaq isə Azərbaycana heç bir müsbət, firavan gələcək vəd etmirdi.
Xalq ayağa qalxdı, müstəqilliyini elan etdi. Lakin son 30 illik tariximiz bir daha göstərdi ki, müstəqilliyi əldə etməkdən çox onu qorumaq qat-qat çətindir. Biz bunu yaşadıq, gördük. Hər birimiz o günlərin canlı şahidiyik, hər birimiz o tarixin yazarlarıyıq. 1992-ci ildən bu yana Azərbaycan hansı problemlərlə üzləşdi? Ölkə demək olar ki, məhv olmaq, parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı”.
Parlamentari söyləyib ki, xaos, ikitirəlik, vətəndaş qarşıdurması, iqtisadi böhran, çörək növbələri, insanların səhər evdən çıxıb axşam salamat qayıtmaq əminliyinin olmaması, çevriliş cəhdləri, ölkənin şimalında, cənubunda, şərqində, qərbində müxtəlif separatçı qrupların yaranması və ya yaradılması – bütün bunlar 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə təsadüf edən, Azərbaycanın təəssüf doğuran, burulğanlı və fırtınalı dövrünün gerçəklikləri idi: “Elə həmin dövrdə xalq bir daha öz müdrik addımını atdı. Öz gələcəyini, sabit və əmin-aman gələcəyini təmin etmək üçün xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalq öz qurtuluşunu məhz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişində görürdü. Zaman da göstərdi ki, xalq yanılmamışdı.
Ötən 30 illik tarix sübut etdi ki, Azərbaycanın qurtuluşu, bu günkü nailiyyətləri, inkişafı, uğurları və gələcəyə doğru inamla addımlamasının arxasında məhz Heydər Əliyev siyasəti, onun müdrikliyi, dünya görüşü və nüfuzu dayanır.
Bu gün biz həmin siyasətin bəhrələrini görürük. Həm siyasi, həm iqtisadi, həm də mənəvi mənada bu xəttin davamçısı olan, bundan 22 il əvvəl xalqın yekdil səsi ilə prezident seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu və dəmir gücü sayəsində Azərbaycan bu gün böyük uğurlara imza atır. Azərbaycan artıq dünyanın ən önəmli dövlətləri sırasında yer almaqdadır”.
Deputat, həmçinin bu gün Şərqdən Qərbə – uzaq Çinlə ABŞ arasında uzanan coğrafiyada Azərbaycanın nüfuzunun, prezidentinə və dövlətinə olan hörmətin, etimadın hər keçən gün artdığını qeyd edib:
“Bunu beynəlxalq görüşlər, imzalanan müqavilələr, həyata keçirilən nəhəng layihələr də sübut edir. Bu gün biz müstəqilliyimizin növbəti ildönümünü qeyd edərkən tam əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqilliyi, Azərbaycanın suverenliyi əbədidir, sarsılmazdır, dönməzdir. Biz xalqımıza, dövlətimizə və prezidentimizə müstəqil Azərbaycanımızda yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq”.