media-ulv
Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında, dövlət quruculuğunda və Vətənin müdafiəsində mühüm rol oynamışdır. Qədim dövrlərdən bu günə qədər Azərbaycan qadınları həm ailədə, həm də ictimai həyatda böyük nüfuz qazanmış, müdriklikləri, cəsarətləri və vətənpərvərlikləri ilə seçilmişlər.
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanı qadınların igidliyini və döyüş meydanında göstərdikləri şücaəti əks etdirən qiymətli mənbədir. Tariximizdə Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər və Tutu Bikə kimi qəhrəman qadınların fəaliyyəti Azərbaycan qadınının gücünü və liderlik keyfiyyətlərini nümayiş etdirən parlaq nümunələrdir.
Azərbaycan qadınlarının tarixində mühüm mərhələlərdən biri də seçib-seçilmək hüququnun əldə olunmasıdır. Şərqdə ilk dəfə olaraq bu hüquq Azərbaycanda verilmişdir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar siyasi hüquqlar əldə edərək ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar. Bu hadisə Azərbaycan cəmiyyətində gender bərabərliyinin inkişafında mühüm addım olmuşdur.
Maariflənən Azərbaycan qadınları əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qoruyaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın əsas dayaqlarından biri olmuşdur. Qadınlar ailənin tərbiyə ocağı olmaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də böyük uğurlar qazanmışlar.
Müstəqil Azərbaycanın inkişafında qadın siyasətinin formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. O, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını dəstəkləmiş, onların dövlət idarəçiliyində və ictimai həyatda rolunun artmasına böyük diqqət yetirmişdir. Ulu Öndərin təşəbbüsü ilə ölkədə qadın siyasətinin hüquqi və institusional əsasları yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin hüquq və azadlıqları bərabərdir və kişi ilə qadın eyni hüquqlara malikdir. Bu prinsip ölkədə gender bərabərliyinin təmin olunmasının əsasını təşkil edir. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edərək qadınların hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq öhdəliklər götürmüşdür.
1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə dövlət qadın siyasətinin inkişafında mühüm hadisə olmuşdur. Həmin vaxtdan etibarən hər beş ildən bir keçirilən qurultaylar qadınların cəmiyyətin inkişafında rolunun daha da artırılmasına xidmət edir.
Bu gün Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm qanunlar və proqramlar qəbul edilmişdir. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi qadın hüquqlarının müdafiəsinin gücləndirilməsinə böyük töhfə vermişdir.
Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunun dünyada artmasına mühüm töhfə verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar layihələr, xeyriyyə aksiyaları və mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılması sahəsində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsləri Azərbaycanın humanitar və mədəni diplomatiyasının güclənməsində mühüm rol oynayır.
Müasir dövrdə Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində, eləcə də iqtisadiyyat və sahibkarlıqda fəal iştirak edirlər. Statistik məlumatlara görə, ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir, işçi qüvvəsində onların payı isə təxminən 48 faizdir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi son illərdə əhəmiyyətli dərəcədə artmışdır.
Azərbaycan qadınları həmçinin ordu quruculuğunda və Vətənin müdafiəsində də fəal iştirak edirlər. Onlar hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edərək dövlət qarşısında vəzifələrini şərəflə yerinə yetirirlər.
Eyni zamanda qadınların ictimai fəallığının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri də “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsidir. Bu layihə regionlarda yaşayan qadınların və gənc qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına, onların ictimai fəallığının artırılmasına yönəlib.
Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynamış və bu gün də ölkənin tərəqqisinə böyük töhfələr verməkdə davam edir. Onların zəngin mənəvi dəyərləri, yüksək intellekti və fədakarlığı Azərbaycan cəmiyyətinin güclənməsinə və gələcək inkişafına xidmət edir.
Ülviyyə Həmzəyeva  
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər