media-4

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində yalnız təqvim bayramı deyil, həm də tarixin bütün mərhələlərində vətənin müdafiəsində, dövlət quruculuğunda, elm və mədəniyyətin inkişafında müstəsna rol oynamış Azərbaycan qadınına ehtiramın ifadəsidir. Azərbaycan qadını əsrlər boyu həm ailənin mənəvi dayağı, həm də xalqın taleyüklü məsələlərində fəal mövqe nümayiş etdirən güclü şəxsiyyət kimi formalaşmışdır. Azərbaycan tarixinin ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanı xalqımızın mənəvi dəyərlərini, qəhrəmanlıq ənənələrini özündə yaşadır. Bu möhtəşəm eposda qadın obrazları yalnız ailə qayğısı ilə məhdudlaşmır, onlar eyni zamanda savaş meydanında igidlik göstərən, çətin anlarda qərar verən müdrik simalar kimi təqdim olunur. Tariximizdə adları qürurla çəkilən Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi lider və qəhrəman qadınlarımız dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışlar. Onların hər biri öz dövründə siyasi iradə, diplomatik bacarıq və vətənpərvərlik nümunəsi göstərmişdir. XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası kimi tarixə düşmüşdür. Bu dövlət qadınlara seçib-seçilmək hüququ verərək regionda mühüm yeniliyə imza atmışdır. Bir çox Avropa ölkələrindən əvvəl qadınların siyasi hüquqlar əldə etməsi Azərbaycan cəmiyyətinin mütərəqqi düşüncəsinin göstəricisi idi. Bu addım qadınların ictimai-siyasi proseslərdə fəal iştirakına geniş imkanlar açdı və onların ölkə həyatında rolunu daha da artırdı. Azərbaycan qadını əsrlər boyu milli kimliyimizin, ana dilimizin, mədəniyyətimizin qoruyucusu olmuşdur. Maariflənmə prosesində fəal iştirak edən qadınlarımız həm ailədə, həm də cəmiyyətdə yüksək mənəvi keyfiyyətləri ilə seçilmişlər. Ağbirçək analarımızın müdrikliyi, ziyalı xanımlarımızın zəkası bu gün də milli dəyərlərimizin yaşadılmasında mühüm rol oynayır. Elm, mədəniyyət, səhiyyə sahələrində qazandıqları uğurlar Azərbaycan qadınının intellektual potensialının göstəricisidir. Onlar yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da öz sözlərini deməyi bacarmışlar. Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət yetirmiş, onların potensialından səmərəli istifadə olunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Onun təşəbbüsü ilə qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm qərarlar qəbul edilmişdir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm mərhələ olmuşdur. Həmin qurultay qadınların milli dövlətçilik mövqeyindən çıxış etdiklərini bir daha nümayiş etdirmişdir. Sonrakı illərdə qurultayların mütəmadi keçirilməsi bu sahədə ardıcıl siyasətin həyata keçirildiyini göstərir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bu prinsiplər əsasında qadın hüquqlarının müdafiəsi üçün geniş normativ hüquqi baza formalaşdırılmışdır. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi hüquqi mexanizmlərin möhkəmləndirilməsinə xidmət etmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə institusional idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfə olmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunu beynəlxalq miqyasda yüksəldir. Humanitar layihələr, mədəni diplomatiya təşəbbüsləri və xeyriyyəçilik fəaliyyəti ölkəmizin “yumşaq güc” siyasətinin mühüm komponentinə çevrilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən sosial və mədəni layihələr milli irsimizin qorunması və dünyaya tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. 2026-cı ildə yaradılmış Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin Mehriban xanım Əliyevaya həvalə olunması innovasiya və texnoloji inkişaf istiqamətində yeni mərhələnin başlanğıcıdır. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında geniş təmsil olunurlar. Milli Məclisdə qadın deputatların sayının çağırışdan çağırışa artması cəmiyyətin inkişaf göstəricisidir. 2020-ci ildən etibarən Milli Məclisə qadın sədrin rəhbərlik etməsi siyasi tariximizdə əlamətdar hadisədir. Statistik göstəricilər də qadınların ölkə həyatındakı fəallığını əks etdirir. Əhalinin yarıdan çoxunu təşkil edən qadınlar işçi qüvvəsində və məşğulluq sahəsində əhəmiyyətli paya malikdirlər. Sahibkarlıq fəaliyyətində qadınların xüsusi çəkisinin artması iqtisadi təşəbbüskarlığın genişləndiyini göstərir. Azərbaycan qadınları yalnız mülki sahədə deyil, ordu quruculuğunda da şərəfli xidmət göstərirlər. Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində, hərbi təhsil müəssisələrində və tibbi xidmət sahələrində yüzlərlə qadın Vətən qarşısında borcunu layiqincə yerinə yetirir. Bu, Azərbaycan qadınının cəsarət və vətənpərvərlik ruhunun bariz təzahürüdür. 2024-cü ildən həyata keçirilən “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi regionlarda yaşayan qadınların və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına yönəlmişdir. Layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış qadınlarla keçirilən görüşlər minlərlə iştirakçını əhatə etmişdir. Bu təşəbbüs qadınların sosial və ictimai fəallığının artırılmasına mühüm töhfə verir. Beləliklə, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda təkcə bayram deyil, həm də dövlətin qadın siyasətinin, gender bərabərliyi prinsiplərinin və qadınların cəmiyyət həyatındakı rolunun yüksək qiymətləndirilməsinin ifadəsidir. Azərbaycan qadını öz zəhməti, zəkası və vətənpərvərliyi ilə ölkəmizin davamlı inkişafına mühüm töhfələr verməkdə davam edir.

Şahin Seyidzadə

Milli Məclisin deputatı

 


media-728x90banner

Bənzər xəbərlər