“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl tibb müəssisələrində onlarla yoxlama keçirilməsi və “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyətin aşkar olunması rəsmi şəkildə yayımlandı
Hətta verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadığı üçün klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edildiyi bildirilirdi.Lakin ortaya çıxan sual son dərəcə ciddidir: əgər lisenziya dayandırılıbsa, bu klinika hansı əsasla fəaliyyətini davam etdirir? Bu, artıq təkcə inzibati pozuntu deyil, “Lisenziyalar və icazələr haqqında” qanunun və vətəndaşların sağlamlıq hüququnun açıq şəkildə sual altına düşməsi deməkdir. Əgər klinikanın lisenziyası rəsmi qaydada bərpa olunmayıbsa, fəaliyyət göstərməsi qanunvericilik baxımından ciddi pozuntu sayılır.Mediatvaz.com xəbər verir ki,digər narahatedici məqam isə bəzi həkimlərlə əmək müqavilələrinin bağlanmaması ilə bağlı iddialardır. Bu hal təsdiqini taparsa, bu, həm Əmək Məcəlləsinin, həm də tibbi fəaliyyətin tənzimlənməsi qaydalarının kobud şəkildə pozulması anlamına gəlir.Ən narahatedici məqam isə odur ki, daha əvvəl bu klinikada ölüm faktının baş verdiyi bildirilir. Belə bir hadisədən sonra nəzarətin sərtləşdirilməsi gözlənildiyi halda, əksinə, eyni müəssisə ətrafında yeni suallar yaranır.
Belə ki, 2023-ci ilin aprel ayında 23 yaşlı Arzu Əzimovanın estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı yayılan məlumatlar o zaman cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bildirilirdi ki, o, Medicare Klinikasında rinoplastika əməliyyatı keçirib, əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq komaya düşüb və aparılan tibbi müdaxilələrə baxmayaraq vəfat edib.Tirajlanan məlumatlarda iddia olunurdu ki, əməliyyatı icra edən həkimin estetik cərrahiyyə aparmaq üçün müvafiq sertifikatı olmayıb. Eyni zamanda həmin həkimlə “Medicare” klinikası arasında rəsmi əmək müqaviləsinin mövcud olmadığı da qeyd edilirdi.Diqqətçəkən başqa bir məqam isə bunun tək hadisə olmamasıdır. 21 dekabr 2023-cü il tarixində də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Medicare” klinikasında əməliyyat zamanı həyatını itirdiyi barədə rəsmi məlumat yayılmışdı. Qısa zaman aralığında eyni müəssisə ətrafında iki ölüm faktının hallanması sualları daha da artırır.İnsan həyatı üzərindən yaranan suallar cavabsız qaldıqca, ictimai etimad daha da sarsılır. Səssizlik isə bu kimi hallarda ən təhlükəli mövqedir.Belə hadisələrdən sonra nəzarətin gücləndirilməsi gözlənildiyi halda, əksinə, iddiaların davam etməsi ictimai narahatlığı artırır.Çünki burada söhbət təkcə qaydalardan yox, insan həyatından gedir – və bu mövzuda səssizlik qəbulolunmazdır.
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq










