Azərbaycan qarşıdurma yox, balanslı dialoq tərəfdarıdır
“Fevralın 13-də cənab Prezident İlham Əliyevin “France-24” telekanalına verdiyi müsahibə bir çox mühüm prinsipial məqamları ilə diqqəti cəlb edir. İlk növbədə qeyd olunmalıdır ki, cənab Prezidentin cavabları təkcə sülh gündəliyi ilə məhdudlaşmadı. Bu cavablarda suverenlik və ədalət məsələlərində də kompromissiz mövqe ortaya qoyuldu. Xüsusilə Qarabağda qanunsuz separatçı rejimin rəhbərlərinə çıxarılmış məhkəmə hökmləri ilə bağlı sual Azərbaycan Prezidentinin dövlətçilik prinsiplərinə necə yanaşdığını nümayiş etdirdi. Dövlət başçısı açıq bildirdi ki, həmin şəxslər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ağır cinayətlər törətmiş, müharibə cinayətlərinin təşkilatçıları olmuş və məhkəmə qarşısında cavab veriblər. Onların vəkillə təmin olunması, prosesin şəffaf keçirilməsi və sübutların təqdim edilməsi vurğulanmaqla hüquqi prosedurun legitimliyi ön plana çəkildi. Əfv ehtimalına dair sual qarşısında isə cənab Prezident yenə də prinsipial mövqe sərgilədi və məsələni tarixi ədalət kontekstində qiymətləndirdi. Bu yanaşma göstərdi ki, Azərbaycan üçün “yeni səhifə” anlayışı cəzasızlıq üzərində qurula bilməz.”
Bu verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Müsahibənin digər mühüm istiqamətinin Fransa ilə münasibətlərə dair sualla bağlı olduğunu vurğulayan millət vəkili daha sonra bunları deyib: “Cənab Prezident xatırlatdı ki, müharibədən əvvəl Parislə münasibətlər yüksək səviyyədə olub, lakin İkinci Qarabağ müharibəsi zamanı Fransanın tutduğu mövqe gərginliyə səbəb olub. Macronun Fransaya rəhbərliyi dövründə yaranmış fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan tərəfinin gərginliyin təşəbbüskarı olmadığı xüsusi vurğulandı. Prezident İlham Əliyevin əsas mesajı aydındır: iki suveren dövlət qarşılıqlı hörmət prinsipi əsasında münasibətlərini tənzimləməlidir. Tamamilə haqlı olaraq, Fransanın ərazi bütövlüyü prinsipini digər regionlarda müdafiə etdiyi halda, Azərbaycan məsələsində fərqli mövqe tutması ziddiyyət kimi təqdim olundu. Eyni zamanda, cənab Prezident Kopenhagen görüşünün müsbət atmosferdə keçdiyini və münasibətlərin normallaşması üçün siyasi iradənin mövcud olduğunu bildirdi. Bu isə artıq emosional polemikadan daha çox, siyasi realizmə əsaslanan mövqedir. Azərbaycan qarşıdurma yox, balanslı dialoq tərəfdarıdır, lakin daxili işlərinə müdaxiləni qəbul etmir. Beləliklə, müsahibənin bu xətti Prezident İlham Əliyevin dövlət suverenliyi, hüquqi məsuliyyət və qarşılıqlı hörmət prinsiplərini prioritet hesab etdiyini nümayiş etdirir və bir daha göstərir ki, Azərbaycan üçün sülh yalnız silahların susması deyil, həm də ədalətin təmin olunması və beynəlxalq münasibətlərdə bərabərhüquqlu davranışın bərqərar olması deməkdir. Bu isə regionda yeni mərhələnin əsas siyasi fəlsəfəsini formalaşdırır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.










