Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan-ABŞ görüşü və əldə olunan razılaşmalar region üçün tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Strateji tərəfdaşlıq xartiyası istiqamətində atılan addımlar, sülh sazişinin paraflanması və “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) üzrə razılıqlar Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qalxması üçün real zəmin yaradır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib.

Onun sözlərinə görə, 2020-ci ildən sonra formalaşan geosiyasi reallıq Azərbaycanın əlini gücləndirib: “Azərbaycan qalib dövlət kimi təkcə hərbi üstünlüyünü deyil, diplomatik çəkisini də artırıb. Bu gün Bakı bölgədə oyun qaydalarını müəyyən edən başlıca mərkəzə çevrilib. Vaşinqton görüşü isə bu statusun beynəlxalq təsdiqidir. ABŞ Prezidentinin iştirakı ilə imzalanan sənədlər göstərir ki, Azərbaycan artıq qlobal güc mərkəzləri ilə eyni masada bərabər tərəfdaş kimi oturur”.

Deputat bildirib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır: “Zəngəzur dəhlizi reallaşarsa, bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz ticarət yoluna çevriləcək. Ermənistan bu layihəyə qoşulmaqla iqtisadi təcriddən çıxmaq imkanı əldə edir. Əks halda, özünü yenidən kənarda tapacaq”.

Vaşinqton Bəyannaməsinin Ermənistanın daxili siyasətində də ciddi dəyişikliklərə yol açacağını təxmin edən Vüqar İskəndərov deyib: “Konstitusiyadakı ərazi iddialarının ləğv edilməsi rəsmi İrəvan üçün qaçılmazdır. Bu, radikal dairələrin xoşuna gəlməsə də, beynəlxalq hüquqa uyğun davranmağın yeganə yoludur. Ermənistan bu öhdəlikdən yayınarsa, həm ABŞ-la münasibətlərini korlayacaq, həm də regiondakı nüfuzunu tamamilə itirəcək”.

Deputatın fikrincə, bəzi xarici qüvvələrin Vaşinqton platformasına qarşı çıxması gözlənilən idi. Rusiya və İranın müəyyən strukturları bu prosesləri öz maraqlarına təhdid kimi görür. Onlar bölgədə köhnə təsir mexanizmlərini qorumağa çalışırlar. Amma Azərbaycan diplomatiyası sübut edib ki, milli maraqlar məsələsində güzəştə getmir və beynəlxalq müstəvidə dəstəklənən mövqeyini qoruyur.

V.İskəndərov bildirib ki, prosesin davamı bölgədə yeni iqtisadi və siyasi imkanlar açacaq. Əgər tərəflər öhdəliklərə sadiq qalsalar, Cənubi Qafqaz çox qısa zamanda sabitlik adasına çevrilə bilər. Bu, həm enerji marşrutları, həm də tranzit yolları baxımından dünyanın diqqətini daha çox üzərimizə çəkəcək. Vaşinqton görüşü, sadəcə, diplomatik hadisə deyil, bu, həmçinin gələcək onilliklərin regional inkişaf xəritəsidir.

 


media-728x90banner

Bənzər xəbərlər