Azərbaycan regionda sülhün və sabitliyin təminatçısıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, ölkə başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı, müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və söz sahibinə çevrilməsinin növbəti bariz nümunəsidir.
Deputat vurğulayıb ki, bu, həmçinin Prezident İlham Əliyevin uzunmüddətli, uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. “Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi məkanda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi və aparıcı iştirakçısı kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır,” – deyə Ülviyyə Həmzəyeva qeyd edib.
Deputat həmçinin bildirib ki, ABŞ Prezidenti tərəfindən Cənubi Qafqazda əldə olunmuş sülh irəliləyişlərinin, xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımların vurğulanması Prezident İlham Əliyevin prinsipial mövqeyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa işləri, kommunikasiyaların açılması təşəbbüsləri, humanitar əməkdaşlıq və reinteqrasiya siyasəti regionun gələcək inkişafına yönəlmiş əsas addımlar kimi dəyərləndirilir.
Ülviyyə Həmzəyeva əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sülh gündəliyinin beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və qarşılıqlı hörmət prinsipinə əsaslandığı vurğulanıb. “Azərbaycan sübut edir ki, münaqişədən sonrakı mərhələdə dəqiq strategiya, siyasi iradə və iqtisadi güc birləşdikdə dayanıqlı sülhə nail olmaq mümkündür,” – deyə deputat qeyd edib.
Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasının nəticəsi olaraq qəbul edilən qətnamə və imzalanan sənədlər, Azərbaycan modelinin regionda təhlükəsizlik və inkişafın təmin olunmasında əsas söz sahibinə çevrildiyini bir daha təsdiqləyir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarını qoruyur, regionda sülh və sabitliyi təmin edir və ölkəmizin beynəlxalq nüfuzunun davamlı yüksəlməsini təmin edir.











