Azərbaycan regionda yeni inkişaf strategiyası ilə çıxış edir
“Sülhə yönəlik atılan addımlar Azərbaycan dövləti tərəfindən daim qiymətləndirilib. Cənab Prezident hər zaman bəyan edib ki, sülh istiqamətində atılan addımların hər birini təqdir edir, dəstəkləyir. Donald Trampın da bu sahədə atdığı addımlara görə ona “sağ ol” deyirik. Türkiyə isə bizim qardaşımızdır, daim yanımızdadır. Biz də Türkiyənin yanındayıq. Siyasi, mənəvi mənada Türkiyə hər zaman yanımızda olub. Əməkdaşlığımız getdikcə daha da genişlənir. Lakin regionda hazırda hökm sürən vəziyyət Azərbaycanın yaratdığı reallıq nəticəsindədir. Sülhün və regionda yaranan reallığın, Qələbənin müəllifi Prezident İlham Əliyevdir! Əgər ABŞ və Rusiya sülhə töhfə verəcəkdilərsə, niyə 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu proseslərə töhfə verə bilmədilər? Problemin daha da gərginləşməsinə və uzanmasına xidmət edəcək Minsk Qrupunun fəaliyyətinə niyə təsir etmədilər?”
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynzadə deyib.
“Ermənistanla Azərbaycan arasında sülh addımlarının atılması birbaşa Prezident İlham Əliyevin yaratdığı reallığın nəticəsidir. Bu reallıq nədir? Birinci növbədə, Azərbaycan Ordusu Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bunun ardından işğalda olan digər rayonlarımızı azad etdik. Anti-terror əməliyyatı həyata keçirib, bütün ərazilərdə suveren hüquqları bərpa etdik. Nəticədə, bölgədə yeni reallıq yarandı. Azərbaycan artıq regionda iqtisadi, siyasi, hərbi mənada güc mərkəzidir. Eyni zamanda Azərbaycan böyük enerji resurslarına, nəqliyyat, logistik imkanlara malikdir və dünya iqtisadiyyatına yeni termin – Zəngəzur dəhlizi terminini gətirib. Bu isə böyük logistik imkanlara malik olan, Şərq və Qərbi birləşdirən Orta Dəhliz üzərində yerləşən Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha göstərdi. Bu reallıqlar güc mərkəzi olan ölkələrin Azərbaycana olan marağını artırdı və onlar Azərbaycanla əməkdaşlıq istiqamətində real addımlar atmağa başladılar”, – deputat bildirib.