media-ulv
ATƏT-ə üzv dövlətlərin də razılığı ilə Minsk Qrupunun və ona bağlı strukturların bağlanması rəsmiləşdirildi.
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi Azərbaycan diplomatiyasının son illərdə əldə etdiyi ən əhəmiyyətli nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Qarabağ münaqişəsinin həllinə dair yaradılmış bu mexanizm uzun müddət ərzində heç bir real nəticə vermədi və əksinə, prosesin uzanmasına xidmət etdi. Həmsədr ölkələr münaqişədə işğal faktını nəzərə almadan tərəfləri eyni məsuliyyət daşıyan subyektlər kimi təqdim edir, rəsmi Bakını ədalətsiz təkliflərlə təzyiq altında saxlayırdı. Bu isə Ermənistanın status-kvonu qoruyub saxlamağa davam etməsinə şərait yaradırdı.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda tamamilə yeni reallıq formalaşdırdı. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə münaqişənin əsas mahiyyətini həll etdi və Minsk Qrupunun fəaliyyəti de-fakto mənasızlaşdı. Artıq vasitəçilik üçün heç bir əsas qalmamışdı. Buna baxmayaraq, Ermənistan uzun müddət bu qurumun mövcudluğunu qorumağa çalışdı, lakin nəticədə yeni vəziyyət qarşısında bu cəhdlərin heç bir perspektivinin olmadığı aydın oldu.
ATƏT-ə üzv dövlətlərin də razılığı ilə Minsk Qrupunun və ona bağlı strukturların bağlanması rəsmiləşdirildi. Bu qərar nəinki bir təşkilatın fəaliyyətinin dayandırılması, həm də Cənubi Qafqazda münaqişə sonrası dövrün başlanması anlamına gəlir. Azərbaycan üçün bu addım ölkənin öz gücü ilə yaratdığı reallığın beynəlxalq səviyyədə qəbul edilməsi baxımından xüsusi məna kəsb edir.
Minsk Qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli üçün yaradılmışdı. Lakin zaman keçdikcə qrupun effektivliyi ciddi şəkildə azaldı. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi format bir çox məsələlərdə ortaq mövqeyə gələ bilmədi. Xüsusilə qlobal səviyyədə artan siyasi gərginliklər bu platformanı tamamilə fəaliyyətsiz hala gətirdi. Müxtəlif illərdə keçirilən görüşlər, imzalanan sənədlər və irəli sürülən təkliflər isə real nəticə doğurmadı.
Yeni regional vəziyyət əvvəlki mexanizmlərin davam etdirilməsini həm mənasız, həm də zaman itkisi halına gətirdi. Azərbaycan 2021-ci ildən etibarən Minsk prosesinin tarixi missiyasını artıq başa vurduğunu açıq şəkildə bəyan edirdi. Regionda marağı olan digər ölkələr də bu reallığı qəbul etdi və münaqişənin yekunlaşmasını təsdiqlədi.
2025-ci ildə ATƏT tərəfindən bütün inzibati-prosedur məsələlərinin tamamlanması Minsk Qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoydu. Beləliklə, onilliklərlə davam edən vasitəçilik dövrü başa çatdı və Qarabağ münaqişəsi beynəlxalq səviyyədə də tam həll olunmuş hesab edildi.
Bu hadisə Cənubi Qafqaz üçün yeni siyasi mərhələnin başlanğıcı, Azərbaycan üçün isə tarixi ədalətin bərpasının dünyada rəsmən tanınması deməkdir.
Ülviyyə Həmzəyeva 
Millət vəkili

media-728x90banner

Bənzər xəbərlər