media-ulvi
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir.
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edərək rəqəmsal inkişafın ölkənin gələcək tərəqqisi üçün əsas prioritetlərdən biri olduğunu vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu səbəbdən Azərbaycan da bu istiqamətdə fəaliyyətini daha da gücləndirməli və rəqəmsal transformasiyanı prioritet istiqamətə çevirməlidir.
Prezident bildirmişdir ki, Azərbaycanın bu sahədə mühüm üstünlükləri mövcuddur. Ölkəmizin əlverişli coğrafi mövqeyi – Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində olması və formalaşmış geniş infrastruktur imkanları rəqəmsal bağlantılar üçün böyük potensial yaradır. Mövcud nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Artıq Xəzər dənizinin Şərq sahilləri ilə fiber-optik kabel layihəsi icra olunur və bu, Azərbaycanın Şərq istiqamətində rəqəmsal əlaqələrini daha da gücləndirəcək.
Dövlət başçısı transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini də əsas üstünlüklərdən biri kimi qiymətləndirmişdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılmışdır və ölkədə müsbət investisiya iqlimi formalaşmışdır. Xarici və yerli sərmayələrin qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu təcrübə rəqəmsal sahədə aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.
Enerji təminatı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, son 20 ildə ölkənin generasiya gücü iki dəfəyə yaxın artaraq 10 min meqavata çatmışdır. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi üçün əsas şərtdir. Azərbaycan özünü əsas enerji mənbələri ilə tam təmin edir və hətta enerji ixrac edir. Eyni zamanda, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə generasiya gücünü daha da artıracaq.
Cənab Prezident qlobal maliyyə fondları və aparıcı şirkətlərlə mövcud əlaqələrin də böyük üstünlük olduğunu vurğulamışdır. Azərbaycan Dövlət Neft Fondu dünyanın ən böyük maliyyə qurumları ilə əməkdaşlıq edir və bu fondlar vasitəsilə investisiyaların ölkəyə cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır. ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Avropa İttifaqına üzv 10 ölkə və Çin Xalq Respublikası ilə imzalanmış strateji sənədlər Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlığını daha da gücləndirir.
Dövlət başçısı vahid koordinasiyanın vacibliyini xüsusi qeyd etmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət qurumları ilə birlikdə konkret tədbirlər planı hazırlamaq tapşırılmışdır. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi zəruri hesab edilmişdir.
Prezident İlham Əliyev dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar tədricən vahid mərkəzdə birləşdirilməli, vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunmalıdır. Bu, həm şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini təmin edəcək.
Kadr hazırlığı məsələsi də çıxışda əsas istiqamətlərdən biri kimi göstərilmişdir. Ali məktəblərdə və orta təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına daha çox diqqət yetirilməli, xaricdə təhsil proqramları çərçivəsində bu ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır. Gələcəkdə bu sahədə peşəkar kadrlara böyük ehtiyac yaranacağı vurğulanmışdır.
Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilməli, mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti gücləndirilməlidir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir. Mövcud üstünlüklərdən səmərəli istifadə etməklə, güclü enerji və infrastruktur bazasına, beynəlxalq tərəfdaşlıqlara və investisiya imkanlarına əsaslanaraq Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir.
Ülviyyə Həmzəyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər