Azərbaycan strateji əməkdaşlığa önəm verir
“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri sadəcə diplomatik görüş, təmas deyil, eyni zamanda, türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edən və siyasi-iqtisadi birliyin möhkəmlənməsinə gətirib çıxara biləcək bir səfərdir. Həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji bağlantılarının siyasi, iqtisadi, hərbi baxımdan dərinləşməsinə çox təsir edən bir səfərdir. Bu səfər Azərbaycanın regiondakı lider mövqeyini, cənab Prezidentin mövqeyini, onun nüfuzunu təsdiqləyir və Azərbaycanın müstəqil daxili və xarici siyasətini bir daha dünyaya göstərir. Azərbaycanla Qazaxıstan arasında münasibətlər ortaq köklərə, dilə, dinə söykənən münasibətlərdir”.
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat qeyd edib ki, biz Türk Dövlətləri Təşkilatında (TDT) da bir yerdəyik, həmrəyiy: “Logistik və nəqliyyat daşımaları, eyni zamanda, Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi və s. bütün bunlar mühüm hadisələrdir. Eləcə də yaşıl enerji, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və bir sıra istiqamətlərdə bizim çox mühüm addımlarımız var. Humanitar və mədəni əlaqələrimiz genişlənir. Bu, həm iqtisadi cəhətdən, həm geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır”.
A.Nağıyevin sözlərinə görə, Qazaxıstan-Azərbaycan əməkdaşlığı Avrasiya nəqliyyat sisteminin əsas arteriyasına çevrilir, enerji, sənaye, investisiya əməkdaşlığımız artır: “Qazaxıstan neftinin Azərbaycan infrastrukturundan istifadə etməklə beynəlxalq bazara çıxarılması mühüm məsələdir. Azərbaycan mədəniyyətinə, dilinə olan marağın artması xalqlarımız arasında mənəvi birliyi daha da birləşdirir. Təbii ki, türk dünyası məsələsi də ən ciddi amildən biridir. Prezident İlham Əliyevi Astana Aeroportunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı. Bu, ən yüksək hörmət və qarşılama səviyyəsi idi. Bu, Azərbaycan liderinin artan nüfuzunun göstəricisidir və təbii ki, türk birliyinin praktik inteqrasiyasıdır. Düşünürəm ki, bu səfər bir daha Azərbaycanın tək regionda deyil, ümumiyyətlə, dünyada nüfuzunun artmasına işarədir”.