media-844
Prezident İlham Əliyevin Slovakiya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndiyinin göstəricisidir
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyəsini və gələcək inkişaf istiqamətlərini bir daha təsdiqlədi. Dövlət başçısı bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və strateji tərəfdaşlardır. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək mərhələyə yüksəldib və bu sənədin ardından enerji, iqtisadiyyat və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq daha da fəallaşıb.
Energetika sektorunda əməkdaşlıq xüsusilə önəmlidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, ötən il Azərbaycan qazının ilk dəfə Slovakiyaya nəqli bu tərəfdaşlığın real nəticəsidir və ölkəmizin zəngin qaz yataqları Slovakiyanın istənilən həcmdə tələbatını qarşılayacaq imkanlara malikdir. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb, ümumi qaz ixracının yarısı Avropa bazarına yönəlir. Avropa İttifaqının 8 ölkəsi Azərbaycan qazı vasitəsilə enerji təhlükəsizliyini təmin edir. Yeni yataqların işlənməsi isə əlavə həcmlərin Slovakiya və region ölkələrinə ötürülməsini mümkün edəcək.
Dövlət başçısı müdafiə sənayesi sahəsində əməkdaşlığın da geniş perspektivlər açdığını vurğuladı. Azərbaycan bu əməkdaşlığa hərbi baxışdan deyil, sənayenin inkişafı və yüksək texnoloji sinergiyanın yaradılması nöqteyi-nəzərdən yanaşır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşməsi dünya bazarına rəqabətqabiliyyətli məhsullar təqdim edə bilər. Prezident İlham Əliyev, həmçinin, Qələbənin beşinci ildönümü münasibətilə keçirilən tədbirdə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakını dostluğun açıq təzahürü kimi qiymətləndirdi.
Dövlət başçısı Slovakiyanın iqtisadi və siyasi inkişafını yüksək dəyərləndirərək ölkədə sabitlik, güclü sənaye potensialı və müstəqil xarici siyasətin mövcudluğunu xüsusi vurğuladı. Prezident İlham Əliyev vurğulamışdır ki, Slovakiyanın prinsipial mövqeyi ona beynəlxalq aləmdə böyük hörmət qazandırır.
Azərbaycanın xarici siyasət prioritetlərinə toxunan Prezident İlham Əliyev ölkəmizin Şərqlə Qərb arasında etibarlı nəqliyyat və bağlantı mərkəzinə çevrildiyini bildirdi. Orta Dəhlizin ən təhlükəsiz və səmərəli hissəsi kimi Azərbaycan ərazisindən keçən marşrutun genişləndirilməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Dövlət başçısı hesab edir ki, nəqliyyat və logistika sahəsində tərəfdaşlıq Slovakiya ilə münasibətlərin mühüm komponentinə çevrilə bilər.
Səfər zamanı müzakirə edilən mühüm mövzulardan biri də informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması oldu. Prezident İlham Əliyev Azərbaycanın böyük enerji potensialının və əlverişli iqlim şəraitinin bu sahədə beynəlxalq hab kimi çıxış etmək üçün ciddi üstünlük yaratdığını qeyd etdi. Növbəti illərdə data mərkəzləri üçün istifadə edilə biləcək enerji gücünün 8 giqavata çatdırılması planlaşdırılır və bu sahədə Slovakiya şirkətləri ilə əməkdaşlıq geniş perspektivlər açır.
Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı etimad, strateji baxış və praktiki tərəfdaşlıq üzərində qurulub. Səfər iki ölkənin həm energetika, həm sənaye, həm də yüksək texnoloji sahələrdə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu bir daha təsdiq etdi.
media-ulvi
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər