Azərbaycan sülhü, təhlükəsizliyi və inkişafı təşviq edir
“Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib”.
XALQ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.
Dövlət başçısı qeyd edib: “Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.
O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.
***
Prezident həmçinin bildirib ki, Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
“Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq” – dövlət başçısı əlavə edib.
***
Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, – deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
***
Prezident İlham Əliyev bildirib ki, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur.
Azərbaycan liderinin sözlərinə görə, 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb.
Ölkə başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib.
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”, – Prezident bildirib.