Azərbaycan Suriya : Yeni əməkdaşlıq istiqaməti
Azərbaycanın beynəlxalq siyasətində ərəb ölkələri ilə münasibətləri son dövrlərdə xüsusilə fəal şəkil alıb. Ölkəmiz Ərəb Dövlətləri Liqası (ƏDL) daxil olmaqla bölgə ilə əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi ölkələrlə diplomatik, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri
Bakı-Dəməşq münasibətlərində yeni mərhələnin əsasını qoydu.
Prezident İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraan arasında keçirilən görüş zamanı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyinin vurğulanması bir daha onu təsdiq etdi ki, Azərbaycan və Suriya mövcud əlaqələrin dinamikasının artırılmasında maraqlıdır. Görüş zamanı tərəflər qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər. Bu, həm də onu göstərir ki, iki ölkə gələcəkdə konkret layihələr və birgə təşəbbüslər vasitəsilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan–Suriya əlaqələri eyni zamanda ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsidir. Göründüyü kimi Azərbaycan bu regionda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti nəticəsində ölkəmiz Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi tanınır. Bu baxımdan, Suriyanın keçid dövrü Prezidentinin Bakıya səfəri də məhz bu etimadın və qarşılıqlı marağın göstəricidir. İkincisi, Azərbaycan Suriya ilə İsrail arasında mövcud gərginliyin aradan qaldırılması və diplomatik dialoqun qurulması istiqamətində mühüm töhfələr vermişdir. Bununla yanaşı, rəsmi Bakı Türkiyə ilə İsrail arasında Suriya ilə bağlı yaranmış vəziyyətin yumşaldılması məqsədilə “qaynar xətt” mexanizminin yaradılmasına dair təşəbbüslərə dəstək göstərmiş və bu istiqamətdə fəal diplomatik səylər ortaya qoymuşdur.
Üçüncüsü, aparılan düzgün və uzaqgörən siyasət nəticəsində Azərbaycan ilə Suriya arasında yeni bir əməkdaşlıq istiqaməti formalaşıb – bu da Azərbaycan qazının Suriya bazarına çıxarılmasını aktuallaşdırıb. Beləliklə, Azərbaycan yalnız Avropa deyil, eyni zamanda Yaxın Şərq ölkələrinə də təbii qaz ixracı istiqamətində mühüm addımlar atır. Bu təşəbbüs enerji ehtiyaclarının ödənilməsi baxımından Suriya üçün olduqca cəlbedici və strateji əhəmiyyətə malikdir.
Nəhayət, Azərbaycan Dövlət Neft Şirkəti ilə Suriya Ərəb Respublikası Hökuməti arasında imzalanan Anlaşma Memorandumu təkcə iqtisadi əhəmiyyət daşıyan sənəd kimi tarixə qovuşmadı, eyni zamanda ölkələrimizi yaxınlaşdıran strateji əməkdaşlıq körpüsünə çevrildi.
Bir sözlə, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın ölkəmizə səfəri və keçirilən yüksək səviyyəli görüş əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bu, təkcə Azərbaycanın artan qüdrətinin təzahürü deyil, eyni zamanda Prezident İlham Əliyevin qlobal nüfuzunun və ona göstərilən beynəlxalq etimadın bariz göstəricisidir.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı