Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfər etdi. On ay davam edən gərginlik və fasilədən sonra Azərbaycan və Rusiya Prezidentlərinin bu tədbir çərçivəsində gerçəkləşən təkbətək görüşü dünyanın aparıcı kütləvi informasiya vasitələrində və sosial media resurslarında gündəm yaratdı. Görüş əsnasında dövlət başçıları tərəfindən verilən mesajlar hər iki ölkə ictimaiyyəti ilə yanaşı, nüfuzlu beyin mərkəzlərinin də diqqət mərkəzindədir.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin çıxışına “Görüşümüzə daha həssas mövzu-bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim”,– deyərək başlaması, əslində, o deməkdir ki, Rusiyanın dövlət başçısı münasibətlərimizdəki   gərginliyin yaranma səbəbi və bununla bağlı Azərbaycanın gözləntiləri haqda kifayət qədər məlumatlıdır. Prezident Vladimir Putin  “kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”,– məzmunlu açıqlaması ilə cəmiyyətimizə o mesajı verdi ki, Azərbaycanın gözləntilərində haqlı olduğu Rusiya rəhbərliyində şübhə doğurmur.

 

Rusiya Prezidentinin açıqlamaları gərginliyin aradan qaldırılacağına inam yaradır və bu, həm Rusiyanın, həm də ölkəmizin maraqlarına cavab verir. Azərbaycan, zamanın çağırış və sınaqlarından asılı olmayaraq, nəinki qonşuları, bütün tərəfdaş və müttəfiqləri qarşısında səmimi və etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Özü də bu, həm rəsmi, həm də ictimai səviyyədə dəfələrlə təkrarlanıb. Təkcə buna görə qarşı tərəflərdən eyni münasibəti gözləməyimiz olduqca təbiidir. Prezident İlham Əliyevin görüş əsnasında  səsləndirdiyi bu fikir də elə həmin gerçəkliyi əks etdirir:

 

“Beləliklə, bu informasiyaya görə bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyiniz mesajlar da müsbət qarşılanacaq”.

 

Prezidentin bir gün sonra MDB Dövlət Başçıları Şurasının iclasında verdiyi mesajlar da ona dəlalət edir ki, Azərbaycan MDB daxilində humanitar sahədə əlaqələrin dərinləşməsində bu gün də maraqlıdır. Dövlətimizin başçısı Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçildiyini xatırladaraq, iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirildiyini bildirdi və MDB liderlərinin diqqətinə Laçınla bağlı bu həqiqəti də çatdırdı:

 

“Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.

 

Prezident xüsusi olaraq onu da vurğuladı ki, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində-Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən, 1600-dən çox idmançının iştirak etdiyi lll MDB Oyunları ölkələrimiz və xalqlarımız, xüsusilə, gənclər arasında sağlam və anlayışlı  münasibətlərin inkişafına xidmət edir. Yarışlarda MDB üzvləri ilə yanaşı, digər dövlətlərin, ümumilikdə 13 ölkənin idmançılarının iştirakı deməyə əsas verir ki, nəinki paytaxt Bakı, Azərbaycanın bölgələri də bu cür irimiqyaslı tədbirləri qəbul etmək, onları yüksək səviyyədə və təhlükəsizlik şəraitində keçirmək imkanına sahibdir. Azərbaycan millisinin öz rekordunu təzələyərək 184 medalla ikinci yerə yüksəlməsi isə bir daha təsdiq edir ki, gənclərimizin idmana marağı olduqca yüksəkdir, məşqçi və texniki heyət kifayət qədər peşəkardır. Ən başlıcası, ölkəmizdə idmanın dövlət səviyyəsində təşviqi, idmançılara yaradılan şərait, qurulan müasir idman kompleksləri və dövlətin bu sahə ilə bağlı ardıcıl siyasəti uğurlu nəticələrimizi şərtləndirən əsas amillərdəndir.

 

Prezident İlham Əliyev Düşənbədə çıxışını bu cümlə ilə bitirdi:

 

“Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”. 

 

Bu cümlə ilk baxışdan nə qədər yığcam görünsə də, diplomatik ismarıclar baxımından olduqca zəngindir. Azərbaycan Prezidenti həm MDB məkanında, həm də daha geniş coğrafiyada yerləşən bütün tərəfdaşlarımıza diplomatik münasibətlərin uğur düsturunu göstərdi və müstəqil Azərbaycanın bu siyasi seçimə sadiq olduğunu növbəti dəfə nümayiş etdirdi.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər