Azərbaycan və Özbəkistan yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi tərəfdaşlar, sınaqlardan çıxmış qardaş ölkələrdir.
Azərbaycan və özbək xalqlarının tarixi və taleyi – bütün özünəməxsusluğuna baxmayaraq – çoxsaylı ortaq cəhətlərə malikdir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi:
“Azərbaycan və özbək xalqları arasında münasibətlər qədim tarixə malikdir, xalqlarımız bütün dövrlərdə dost olub, bir-birinə dayaq olub, mədəni dəyərləri birgə inkişaf etdirib.”
Bu dostluq və mədəni yaxınlıq günümüzdə daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, mədəniyyət və humanitar sahələrdən tutmuş təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycan–Özbəkistan əlaqələri sürətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən layihələr bu əməkdaşlığın dərinliyini və səmimiyyətini göstərir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya səfəri bu münasibətlərin zirvəsini təmsil edir. Səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanıb, Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib və iki ölkənin liderləri dostluq mesajları veriblər.
Səfər həm də simvolik məqamlarla yadda qalıb. Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan Parkı” – təkcə bir istirahət məkanı deyil, həm də xalqlarımız arasında dostluğun və mədəni bağların canlı simvoludur. 5 hektarlıq ərazidə Özbəkistanın qədim şəhərlərinin üslubunda obyektlər inşa olunacaq, restoranlar, muzey, kinoteatr və digər məkanlar parkın mədəni zənginliyini göstərəcək.
İqtisadi sahədə də əməkdaşlıq genişlənir. Enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və logistika sahələrində tərəfdaşlıq dinamik inkişaf edir. Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri çərçivəsində ölkələr arasında güclü geoiqtisadi sinerji yaranır.
Azərbaycanın Özbəkistana yatırdığı sərmayələr də artmaqdadır. 500 milyon dollar nizamnamə kapitalına malik Birgə İnvestisiya Fondu artıq bir çox layihələrin icrasına hazırdır. Bu fond enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcək.
Ədəbi və mədəni əlaqələr də diqqətəlayiqdir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilər ortaq yaddaşın simvoluna çevrilib. Hər iki ölkədə bu dahilərin abidələrinin ucaldılması, əsərlərinin nəşri və təqdimatı mədəni yaxınlığın təzahürüdür.
Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanın yaradılması isə xalqlarımızın bir-birinə olan ehtiramının parlaq nümunəsidir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və çətin günlərdə qardaşlıq mövqeyi nümayiş etdirib.
Bu gün Azərbaycan və Özbəkistan yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi tərəfdaşlardır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bu münasibətlərə yeni strateji məzmun qazandırır.
Azərbaycan–Özbəkistan münasibətləri sadəcə iki dövlət arasında deyil, bütün Türk dünyasının birliyi və gələcəyi üçün model bir əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. İki qardaş xalq bu münasibətləri daim yeniləyərək, dostluq və birliyin sarsılmaz dayağını nümayiş etdirir.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı