Azərbaycan yeni layihələrdə əsas aktora çevrilib
“Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində siyasi həll, demək olar ki, formalaşıb və diplomatik səviyyədə aparılan proseslər artıq müsbət nəticələr verməkdədir. Məlumdur ki, ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu, Ermənistanın 30 il ərzində Azərbaycan xalqına qarşı həyata keçirdiyi ağır siyasətə, o cümlədən Xocalı soyqırımına baxmayaraq baş verib. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən dərhal sonra regionda sabitliyin və davamlı sülhün təmin olunması məqsədilə konkret təkliflərlə çıxış edib. Bu təşəbbüslə yanaşı, Azərbaycanın irəli sürdüyü əsas şərtlərin böyük əksəriyyəti artıq qəbul edilib və ya həll mərhələsinə çatıb. Hazırda əsas açıq qalan məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bununla belə, Vaşinqtonda keçirilən görüşlərdən sonra bu istiqamətdə də müəyyən irəliləyişlərin olduğu müşahidə edilir”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi təkcə siyasi dialoq mərhələsi ilə məhdudlaşmır, artıq daha geniş və çoxşaxəli müstəviyə keçid etdiyi müşahidə olunur. Bu mərhələnin əsas hədəfi yalnız sülh müqaviləsinin imzalanması deyil, paralel şəkildə iki xalq arasında uzunmüddətli etimadın və qarşılıqlı anlaşmanın formalaşdırılmasıdır. Mövcud dinamika göstərir ki, proses həm rəsmi səviyyədə, həm də cəmiyyətlərarası əlaqələr kontekstində müəyyən praktik addımlarla müşayiət olunur. Bu baxımdan, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərliyində nümayəndə heyətinin İrəvan şəhərinə həyata keçirdiyi səfər də diqqət çəkən mühüm siqnallardan biri kimi qiymətləndirilir.
Deputat bildirib ki, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişlənməsi, qarşılıqlı səfərlərin təşkili və jurnalistlərin hər iki ölkəyə səfərləri etimad mühitinin formalaşmasına töhfə verir.
“Humanitar və iqtisadi sahədə atılan addımlar, o cümlədən Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınması da sülh prosesinə müsbət təsir göstərir. Hazırda sərhədlərin delimitasiyası prosesi davam edir və bu istiqamətdə aparılan danışıqlar xüsusi əhəmiyyət daşıyır. Bu prosesin uğurla başa çatması regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından vacibdir. Ümumilikdə, iqtisadi əlaqələrin genişlənməsi, ticarət münasibətlərinin intensivləşməsi və gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivi iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi töhfə verə bilər. Bu, həm də regionda dayanıqlı sülhün əsasını formalaşdıran amillərdən biridir. Nəticə etibarilə, Azərbaycan artıq regionda sülhün təmin olunması üçün əsaslı və prinsipial addımlar atıb. Ölkənin iqtisadi və siyasi gücü onu Cənubi Qafqazda əsas aktora çevirir. Ermənistanın isə iqtisadi inkişaf perspektivləri böyük ölçüdə kommunikasiyaların açılması və regional layihələrə qoşulmasından asılıdır. Ermənistan cəmiyyətində bu reallığın getdikcə daha çox qəbul olunması sülh prosesinin irəliləməsinə əlavə təkan verir”.










