Azərbaycan zəngin aqrar ənənələrə malik ölkədir
Avropanın enerji xəritəsində önəmli pay sahibi olan Azərbaycan dünyada neft və qaz ölkəsi kimi tanınmaqla yanaş həm də zəngin aqrar ənənələrə malikdir. Münbit torpaqları, əlverişli təbiəti və iqlim müxtəlifliyi ölkəmizdə kənd təsərrüfatının əsrlər boyu formalaşmasına, qorunmasına və davamlı inkişafına geniş imkanlar açıb. Bu gün də Azərbaycanın aqrar sahəsi sürətlə yenilənir, müasir texnologiyalar və dövlət dəstəyi hesabına daha da güclənir. Ölkəmiz dünyanın nadir dövlətlərindəndir ki, bir çox əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbatını öz istehsalı hesabına ödəmək imkanına malikdir. Bu inkişaf həm iqtisadi gücümüzü artırmaqla yanaşı ərzaq təhlükəsizliyinin etibarlı təminatına çevrilərək ölkəmizin strateji dayanıqlığını möhkəmləndirir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi də təsadüfi deyildi. Məqsəd aqrar sahədə mövcud vəziyyəti ətraflı təhlil etmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirmək idi.
Ölkəmizin başçısı müşavirədə çıxışı zamanı kənd təsərrüfatının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq bildirdi ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları bölgələrin dirçəlməsində, kəndlərin sosial-iqtisadi həyatının yaxşılaşmasında və aqrar sahənin inkişafında mühüm rol oynayıb. Dövlət başçısı qeyd etdi ki, ölkədə qazlaşdırma, elektrik təchizatı, yol, su və suvarma infrastrukturu sahəsində həyata keçirilən genişmiqyaslı layihələr kənd təsərrüfatının inkişafına böyük təkan verib, müxtəlif sahələr üzrə qəbul edilən dövlət proqramları isə məhsuldarlığın və ixrac imkanlarının artmasına səbəb olub. Ölkə başçısı çıxışında ərzaq təhlükəsizliyi məsələsinin strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq bildirdi ki, dünyada baş verən müharibələr, iqlim dəyişiklikləri və qlobal iqtisadi böhranlar hər bir dövləti daxili istehsal imkanlarını gücləndirməyə məcbur edir. Azərbaycanda da kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi və texniki təminat istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı son illərdə aqrar sahədə müşahidə olunan müəyyən durğunluğun aradan qaldırılması məqsədilə 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanacağını və proqram çərçivəsində dövlətlə yanaşı özəl sektorun və xarici investorların da fəal iştirakının vacibliyini diqqətə çatdırdı. Ölkə başçısı vacib bir məsələyə toxunaraq bildirdi ki, torpaqlardan səmərəli istifadə üçün hər sahənin dəqiq analizi aparılmalı, hansı məhsulun daha uyğun olduğu müəyyən edilməlidir. Bu məqsədlə süni intellekt, peyk texnologiyaları və elektron sistemlərdən istifadə vacibdir. Hər torpaq sahəsinin “pasportu” hazırlanmalı, kənd təsərrüfatı və ixrac strategiyası da məhz bu əsasda qurulmalıdır.
Deputat yekunda bildirib ki, ölkəmizdə aqrar sahə nəzərəçarpacaq inkişaf dövrünü yaşayır. Dövlətin təxirəsalınmaz səyləri nəticəsində aqrar məhsullarla bağlı Azərbaycan asılılıq yaşamır, əksinə, istehsal və ixrac imkanlarını daha da genişləndirir. Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər isə şübhəsiz ki, bu sahənin daha da inkişafı üçün mühüm istiqamətlər müəyyən edir.










