Azərbaycanda beynəlxalq öhdəliklərə ciddi formada riayət edilir
Bəzi Qərb dairələri müharibə cinayətlərində ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışır.
XALQ xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın fundamental beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsinin həyata keçirilməsinə baxmayaraq, bəzi Qərb dairələri bu məsələyə selektiv yanaşma sərgiləyir, müharibə cinayətlərində ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar:
“Beynəlxalq cinayətlərə görə cəzasızliğın aradan qaldırılması istiqamətində atılan ardıcıl addımlar birmənalı olaraq milli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsindədir. Müharibə canilərinin təqib edilməsi Cinayət Məcəlləsində təsbit edilən ərazi və vətəndaşlıq prinsiplərinə əsaslanır. Hazırda milli məhkəmə baxışının predmeti olan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi Qarabağda baş verib və bu əməllərə münasibətdə ərazi yurisdikisyası tətbiq edilir. Digər tərəfdən, insanlıq məfhumunu sarsıdan cinayətlərin qurbanları Azərbaycan vətəndaşlarıdırlar və bu faktor öz növbəsində milli cinayət yurisdiksiyasının tətbiqi üçün legitim hüquqi bağlantı yaradır”.
Deputat bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən universal müqavilələrin iştirakçısıdır və öz öhdəliklərinə ciddi formada riayət edir:
“BMT-nin Beynəlxalq Məhkəməsi hələ 1970-ci ildə “Barselona Trekşn” işində bəyan edib ki, soyqırımı cinayətinin qadağan edilməsindən irəli gələn öhdəliklər öz mahiyyətinə görə bütün dövlətlər üçün mütləq xarakter daşıyır və bu cür cinayətlərin təqibində bütövlükdə beynəlxalq birliyin hüquqi marağı mövcuddur. Ona görə də Azərbaycan müharibə cinayətlərində ittiham olunan şəxsləri cəzalandıraraq bütöv bəşəriyyəti təmsil edir və beynəlxalq miqyasda qanunun aliliyinin təmini üçün zəruri addımları atacaq”.