Məşğulluqla bağlı hər hansı radikal çağırışların olması mümkündür. Radikal müxalifətin “işi və fəaliyyəti” olana qiymət vermək deyil, hər görülən işə qara yaxmaqdır. Bunların dedikləri qədər hazırda Azərbaycanda işsizlər varsa… İstənilən sahədə peşə ixtisası təhsili olan mütəxəssis çatışmazlığı var. Sahibkarlardan soruşun, deyəcək ki, mənə işlədiyim sahədə yaxşı mütəxəssis lazımdır. İstər qaynaqçı, rəngsaz, istərsə də bənna – yaxşı mütəxəssisə hər yerdə iş var. Vətəndaş öz üzərində çalışmırsa, peşə, əmək bazarını öyrənmirsə, gözləyirsə ki, kimsə gəlib onun üçün iş tapacaq, bəli, bu adamlar üçün iş tapmaq problem olur. İnsanlarımız özləri aktiv olmalıdırlar. Hansı sahədə öz qabiliyyətlərini sınaya, uğur qazana bilərlərsə, həmin sahədə ixtisaslaşmalı, bazarı öyrənməlidirlər”.

 

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

O bildirib ki, bazarda ən böyük tələbat süni intellekt, texnologiya, İT sektorundadır: “Azərbaycanda bu gün yaxşı mütəxəssisə olduqca böyük ehtiyac var. Bəs bu sahədə olan mütəxəssislərimiz çoxdur? Xeyr. Dünya əmək bazarı kiçilib. İndi bir regionda yaşayıb, başqa bir regionda işləyənlərin sayı da çoxdur. Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində məhz Qarabağ – Şərqi Zəngəzur regionunda belə bir logistik əlaqələrinin yaradılmasının vacib olduğunu vurğuladı ki, rayonlar arasındakı gediş-gəliş məsafəsini həm asanlaşdırmaq, həm də qısaltmaq yolu ilə vətəndaşların regionlarda işlə təmin olunmaq imkanlarını genişləndirmək lazımdır. Əlbəttə, vətəndaşımız çox zaman yüksək maaşlı iş istəyir. Yüksək maaşlı işə yüksək ixtisas tələbi lazımdır. “Azərbaycanda iş yoxdur” demək heç də doğru, məntiqəuyğun deyil. Bu, bir prosesdir. Əmək bazarı da canlı orqanizmdir, inkişaf edir, dəyişilir, tələblər artır. Bununla əlaqədar hökumətin müvafiq qurumları, xüsusən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Agentliyi vaxtaşırı müxtəlif forumlar keçirir, əmək birjaları, yarmarkaları təşkil edir, müxtəlif peşə məsələləri ilə bağlı müsabiqələr elan edir. Harda hansı işlərin öyrənilməsi ilə bağlı peşə hazırlığına ehtiyac var, bu məsələləri vətəndaşlara çatdırır. Bunda da bir qədər aktiv olmaq lazımdır. Aktiv insan Azərbaycanda heç vaxt işsiz qala bilməz. Cənab İlham Əliyev müsahibəsində vacib bir məsələni də vurğuladı ki, gərək, imkanlarımız daxilində fəaliyyət göstərək. Həmişə arzularla imkanlar üst-üstə düşmür. Bu mənada, hər kəs istəyər ki, öz ölkəsində daha yaxşı yaşasın, sosial təminatlar əldə etsin. Buna imkanlar daxilində çatmaq lazımdır. Hazırda Azərbaycanın sosial müdafiə sisteminin əsas prioritet istiqamətləri nədən ibarətdir? Şəhid ailələrinin, qazilərin sosial müdafiəsi daim diqqətdə saxlanılır. Onların mənzil-məişət şəraiti, reabilitasiyası, sosial müdafiəsi, təqaüd, müavinət təminatları vaxtlı-vaxtında həyata keçirilir. Digər prioritet istiqamətlərdən biri məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması, orada məşğulluqlarının təmin olunmasıdır. Aztəminatlı insanlarımız, pensiyaçılarımız, müavinət alanlar da əsas prioritet istiqamətlərindəndir. Pensiyaların vaxtında ödənilməsi, eyni zamanda inflyasiya və orta aylıq əməkhaqqı artımı nəzərə alınmaqla hesablanması həyata keçirilir. Bu mənada, Azərbaycanda son illər sosial sahədə aparılan dərin islahatlar, xüsusilə, son 7 ildə 5 sosial islahatlar zərfinin qəbul olunması, sosial müdafiə Azərbaycan dövlətinin diqqətinin ifadəsidir. Bunun bir tərkib hissəsi, şübhəsiz ki, məşğulluğun təmin olunmasıdır. Bu sahədə dövlət tərəfindən vacib işlər həyata keçirilir. Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən bir çox görülən işləri qiymətləndirdi. Ölkəmizin qarşısında dayanan vacib vəzifələr haqqında da həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq aləmə mesajlar verdi. Cənab Prezident eyni zamanda Azərbaycanda əhalinin sosial rifahının qorunması məsələlərinə də toxundu və bildirdi ki, əhalinin sosial müdafiəsi daxili siyasətimizin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan sosial dövlətdir. Əhalinin istər aktiv, istərsə də passiv sosial müdafiə tədbirləri ilə əhatə olunması, bu tədbirlərin genişlənməsi Azərbaycan dövlətinin daxili siyasətində prioritetdir. Cənab Prezident diqqətə çatdırdı ki, Azərbaycanda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir. Ölkəmizdə yoxsulluq həddi 5,5%, işsizlik həddi isə 5,3%-dir – iş tapa bilməyib, aidiyyəti üzrə məşğulluq xidmətlərində qeydiyyata düşən insanların sayı bu qədərdir. Ümumiyyətlə, Azərbaycanda il ərzində, təxminən, 100 minə yaxın iş yeri açılır, bunun çox böyük hissəsi özəl sektorla bağlıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş abadlaşma, quruculuq işlərində də, təxminən, 70 mindən çox soydaşımız çalışır. Prezident İlham Əliyev özünüməşğulluq proqramı barədə qeyd etdi ki, bu, dövlətin işsiz vətəndaşlarına yaratdığı yeni bir imkandır. Artıq yeddi ilə yaxındır ki, bu proqram fəaliyyət göstərir. İndiyə qədər yüz mindən çox soydaşımız özünüməşğulluq proqramı ilə iş tapıb, həm də kiçik biznesini qura bilib. Proqram bundan sonra da davam edəcək, ən əlamətdar cəhəti budur ki, dövlət iş axtaran vətəndaşa müəyyən treninqlər keçəndən sonra qarşılıqsız şəkildə lazım olan iş və əmlak materialları verir, bir növ bağışlayır. Vətəndaş qısa müddət ərzində öz biznesini qura bilir. Çox uğurlu layihədir və bu layihə üçün dövlətin dəstəyi ilə ildə milyonlarla vəsait ayrılır. Hər il, təxminən, 15 minə yaxın soydaşımız bu imkandan yararlana bilir”.

 


media-728x90banner

Bənzər xəbərlər