“Azərbaycanda pulsuz təhsil yoxdur. Azərbaycan universitetlərinin büdcəsi əsasən ödənişli təhsil alan tələbələrin köçürdükləri vəsaitin və dövlət sifarişi ilə təhsilalanlara dövlətin ödədiyi vəsaitlərin hesabına formalaşır”. 

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib. O, universitetlərimizda tədqiqatlara maliyyə ayrılmamasından gileylənib:

 

“Dövlət universitetlərə tədqiqatlar üçün 1 manat da ayırmır. Ödənilən təhsil haqlarının 80-85%-i müəllimlərin əməkhaqqına və qalan hissəsi isə Universitetin digər xərclərinə sərf olunur. 

Amerika Universitetlərinin reytinqlərdə qabaqcıl sıralarda olmasının əsas səbəblərindən biri ilbəil artan maliyyə vəsaitidir. Və universitetlərin qarşısında 4 konkret məqsəd dayanır: maliyyə, baza ali təhsili, elmi tədqiqatlar və sənaye ilə əlaqələr. Məşhur təhsil mütəxəssisi Uilyam Bouenin yazdığı “Universitetlər rəqəmsal epoxada” adlı kitabından: “2001-ci ildə Harvard Universitetinin büdcəsi 18 milyard dollar, Yel Universitetinin büdcəsi 10,7 milyard dollar, Prinstonun büdcəsi isə 8,4 milyard dollar təşkil edib. 2011-ci ildə Harvardın büdcəsi 31,7 milyard dollara, Yelin büdcəsi 19,4 milyard dollara, Prinstonun büdcəsi isə 17,1 milyard dollara çatıb.

Bu vəsaitlərin kiçik bir hissəsi tələbə köçürmələrindəndir.

Azərbaycanda elmə büdcədən cəmi 0,2 faiz vəsait ayrılır. Universitetlər isə hələ uzun illər tələbələrin hesabına yaşayacaq. Universitet tədqiqatları maliyyələşdirilməlidir”.

Deputat Azərbaycandakı ali təhsil müəssisələrini bu baxımdan Amerika ilə müqayisə etməyin doğru olmadığını desə də, bildirib ki, təcrübə kimi öyrənilməsi vacibdir:

“Bir neçə universitetlərimizin reytinqlərdə yer alması rektor səriştəsi, tədqiqatlardan baş açmaları və alimlərin çalışmalarının hesabına baş tutur. 4-cü Sənaye İnqilabının ixtisaslarına maliyyə vəsaiti tapılmalıdır. Yoxsa biz 2-ci və 3-cü sənaye inqilablarının arxasınca qaçdığımız kimi 4-cü sənaye inqilabının da arxasınca qaçacağıq”.


media-728x90banner

Bənzər xəbərlər