media-arzu
Arzu Nağıyev: Yeni standartların qəbulu, rüşvətin qarşısını almaq üçün infrastrukturları beynəlxalq standartlara uyğunlaşdırmaq deməkdir
 
Azərbaycanda rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı qəbul edilib.Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) Teleqraf-a verilən məlumata görə, AZSTAND tərəfindən AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlaması aparılıb.
Nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.
Məlumata görə, bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.
Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
 
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyev Sherg.az-a bildirib ki, rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı qəbul edilməsi əsasən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsindən irəli gəlir:

“Yəni, bu, sistemli şəkildə aparılır, beynəlxalq yanaşmalar əsasında həyata keçirilir. Yeni standarlar dövlət və özəl qurumlarda etik normaların, şəffaflığın və bu mədəniyyətlərin formalaşdırılmasına xidmət edir. Eyni zamanda, rüşvət risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün mühüm metodologiyadır. Həmçinin qanunvericilikdə nəzərdə tutulan korrupsiyaya qarşı mexanizmlərin praktiki tətbiqini asanlaşdırır. Bu, biznes mühitinin və dövlət idarəçiliyinin beynəlxalq etimadını artırır, xarici investorlar üçün daha maraqlı və şəffaf olmasını təmin edən əsas məsələlərdən biridir.

Rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı adi bir sənət deyil, korrupsiyaya qarşı idarəetmə sisteminin ölkə üzrə tətbiqi üçün mühüm alət və istiqamətdir. Azərbaycanda hazırda vəziyyət belədir: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı fəaliyyət göstərir, müvafiq komissiya işini davam etdirir, “ASAN xidmət” modeli, elektron hökumət xidmətləri və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi strukturlar fəaliyyət göstərir. Elektron xidmətlərin artırılması və genişləndirilməsi rüşvətin qarşısının alınmasında mühüm rol oynayır, o cümlədən rüşvət şəraitinin azaldılmasına ciddi təsir göstərir. Digər tərəfdən bu istiqamətdə çətinliklər də mövcuddur. Bu halların qarşısını almaq üçün müxtəlif addımlar atılır. Aparılan həbslər korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda dövlət təhlükəsizliyi xidməti, polis, prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən nəzarət olunur. Bu addımlar ciddi nəticələr verir.
 
Deputatın fikrincə, yeni standartların qəbul edilməsi, rüşvətin qarşısını almaq üçün infrastrukturları beynəlxalq standartlara uyğunlaşdırmaq deməkdir:
“Əsas məsələ, bunun praktiki tətbiqi, ictimai nəzarət mexanizminin işlək olması və real şəkildə icra olunmasıdır. Bununla əlaqədar olaraq, Milli Məclisdə müvafiq qanunlara əlavələr edildi, yeni qanunlar qəbul olundu və fərmanlara uyğun icra mexanizmləri müəyyənləşdirildi. Ümumiyyətlə proses mütəmadi olaraq daha da gücləndiriləcək və inkişaf edən xətt üzrə davam edəcək”.

media-728x90banner

Bənzər xəbərlər