Azərbaycanda yeni investisiya imkanları
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində səfərdə olarkən “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşmüşdür. Bu görüş Azərbaycan–Çin iqtisadi əməkdaşlığının yeni istiqamətlərdə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı iki tərəf arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və kimya məhsullarının istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də sənaye və kimya sektorunun inkişafı istiqamətində ardıcıl addımlar atır. Bu baxımdan CNCEC kimi dünyada böyük nüfuza malik şirkətlə əməkdaşlıq yeni imkanlar açır. Prezident İlham Əliyev Azərbaycanın enerji və sənaye sahələrində xarici investorlar üçün cəlbedici mühit yaratdığını vurğulamış, ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları və inkişaf edən infrastrukturunun beynəlxalq layihələrin reallaşdırılmasına geniş şərait yaratdığını qeyd etmişdir. CNCEC şirkətinin sədri Mo Dinqqı isə Azərbaycanda mövcud olan əlverişli investisiya mühitini yüksək qiymətləndirmiş, bir sıra iri layihələrin reallaşdırılması istiqamətində maraqlı olduqlarını ifadə etmişdir. O, Azərbaycanın regionda sabitlik adası və etibarlı tərəfdaş kimi beynəlxalq biznes dairələrinin diqqət mərkəzində olduğunu vurğulamışdır. Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında Çərçivə Sazişi imzalanmışdır. Sənədin mübadiləsi Prezident İlham Əliyev və CNCEC şirkətinin sədri Mo Dinqqının iştirakı ilə həyata keçirilmişdir. Bu Çərçivə Sazişi Azərbaycanın daxili bazarında neft-kimya sənayesinin inkişafı ilə yanaşı, üçüncü ölkələrdə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu isə Azərbaycan və Çin şirkətlərinin regional və beynəlxalq layihələrdə birgə tərəfdaşlıq imkanlarını daha da gücləndirəcəkdir. İmzalanmış sənəd təkcə Azərbaycan–Çin iqtisadi münasibətlərinə deyil, həm də qlobal miqyasda enerji təhlükəsizliyi və sənaye əməkdaşlığına mühüm töhfə verəcəkdir. Azərbaycan artıq regionun əsas enerji mərkəzlərindən biri kimi tanınır və CNCEC kimi nəhəng şirkətlə əməkdaşlıq bu mövqeyi daha da möhkəmləndirəcəkdir. Prezident İlham Əliyevin Tiencində keçirdiyi görüşlər və imzalanan sazişlər Azərbaycanın xarici iqtisadi siyasətinin ardıcıl və düşünülmüş şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. Azərbaycan–Çin tərəfdaşlığının bu istiqamətdə dərinləşməsi iki ölkə arasında strateji əlaqələrin daha da güclənməsinə xidmət edəcəkd.
Şahin Seyidzadə
Millət vəkili