Azərbaycanda yeni mərkəz qurulur
Azərbaycanda son dövrlərdə tibb sahəsində bir sıra yeniliklərə imza atılıb.
Modern.az xəbər verir ki, bu fikirləri nazir Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.
“İlk olaraq, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidən qurulmuş və əhalimizin xidmətinə təqdim edilmiş Plastik, rekonstruktiv və üst çənə cərrahiyyəsi şöbəsini qeyd etmək istərdim. Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Ən müasir avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir. İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində yaradılmış şöbədə isə üst çənə cərrahiyyəsi sahəsində regional bir sıra ilklərə imza atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra olunub”.
Nazir qeyd edib ki, bu iki mərkəz məhz klinik baza kimi nəzərdə tutulub:
“Biz bu iki mərkəzi yaradaraq onları məhz klinik baza kimi düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi-Tədqiqat Kardioloji İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır. İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq. Onu da sizə deyərik, xəbəriniz olacaq, açılışa da dəvət edəcəyik”.
T.Musayev onu da diqqətə çatdırıb ki, digər məsələ dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyasıdır:
“Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.
Nazir onu da əlavə edib ki, Azərbaycanın transplantologiya sahəsində beynəlxalq müstəvidə də təşəbbüsü olub:
“Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi qismində iştirak edən ölkələr arasında “Türk Transplant” adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldü. Bütün qardaş ölkələr tərəfindən bu təşəbbüs çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin ümumi əhalisi 170 milyonu aşır. İlkin mərhələdə bu, əsasən sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrinin formalaşdırılmasını nəzərdə tutur. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilkin mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Yəni bu baxımdan düşünürəm ki, bunun qardaş ölkələr arasında, həqiqətən də, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olacaq”, – nazir əlavə edib.
Nazirin sözlərinə görə, hüceyrə mərkəzinin açılışı bir il yarımdan tez olmayacaq:
“Orada müəyyən addımlar atılmalıdır. Pilot kimi həyata keçirilə bilər, lakin əsaslı yanaşma tələb edir. Yəni burada yalnız texniki infrastrukturun olub-olmaması deyil, burada çalışan insanların vahid standartlar əsasında fəaliyyət göstərməsi də vacibdir. Hər bir yeni üsulu güvənli əllərlə təqdim etmək lazımdır ki, insanların inamı da olsun, böyüsün və həqiqətən də müsbət nəticələri görək”, – deyə T.Musayev əlavə edib.









