Azərbaycanı canından artıq sevən…
Hər bir dövlətin əsl qüdrəti vətəndaşlarının sosial rifahı və həyat səviyyəsi ilə ölçülür. Təhsil, səhiyyə və məşğulluq kimi fundamental ehtiyacların qarşılanması güclü iqtisadi təmələ əsaslanan məqsədyönlü sosial siyasət tələb edir. Müstəqilliyimizin ilk illərində isə Azərbaycan məhz bu təməllərin sarsılması səbəbindən dərin böhranla üzləşmişdi. Yüksək inflyasiya, kütləvi yoxsulluq, aylarla gecikən pensiyalar və təminatsız qalan həssas qruplar, xüsusən də qaçqınlar və şəhid ailələri bu böhrandan əziyyət çəkən əsas kateqoriyalar idi. Belə bir mürəkkəb dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni sosial fəlakətdən xilas etdi. Onun 1994-cü ildə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsini gücləndirməklə yanaşı, maliyyə sabitliyinin də əsasını qoydu.
“Həmişə Azərbaycanın zəhmətkeş insanını düşünürdü”
Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və vətən qarşısında xidmətləri misilsizdir. O, həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən həmişə xalqını düşünmüş, vətəndaşların sosial rifahını daim diqqətdə saxlamışdı: “Heydər Əliyev həmişə Azərbaycanın zəhmətkeş insanını düşünürdü. Onun respublikaya rəhbərlik etdiyi 14 il müddətində Bakıda minlərlə mənzil tikilərək zəhmətkeşlərə verildi. Həmin dövrdə Azərbaycanda orta əməkhaqqı üç dəfəyə yaxın artdı. Kəndlərimiz inkişaf etdi, xüsusən də üzümçülük və pambıqçılıq sahələrində dirçəliş yarandı, kəndlilərin həm əməkhaqları və gəlirləri yüksəldi, həm də sosial vəziyyətləri yaxşılaşdı”.
Sosial siyasətlə bağlı 60-dan çox qanun qəbul edildi
M.Quliyevin fikrincə, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də ulu öndər tərəfindən ölkənin sosial siyasətinin formalaşması üçün bütün zəruri işlər görüldü. Azərbaycanın Konstitusiyası məhz ulu öndər tərəfindən hazırlandı və ümumxalq referendumu ilə qəbul olundu: “Bu Konstitusiyada əhalinin sosial, əmək, pensiya və istirahət hüquqları təmin edildi. Heydər Əliyevin imzası ilə qəbul olunan 60-dan çox qanun, fərman və sərəncam da sosial siyasətin həyata keçirilməsi üçün geniş hüquqi çərçivə rolunu oynadı. ulu öndər şəhid ailələrinin, qazilərin, qaçqın və məcburi köçkünlərin, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini daim diqqətdə saxlayır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm fərman və sərəncamlar imzalayırdı. Bununla yanaşı, onun sərəncamı ilə Azərbaycanın pensiya islahatları konsepsiyası qəbul olundu və ölkədə yeni pensiya sisteminin qurulmasına başlanıldı. Əlilliyi olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və protezləşdirilməsi məqsədilə də fərman və sərəncamlar imzalandı. Pensiya və əməkhaqlarının davamlı artırılması, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün onlara müavinətlərin verilməsi birbaşa Heydər Əliyevin xalqa göstərdiyi qayğının ifadəsi idi”.
Sosial rifah və sosial ədalət prinsipləri
Deputat bildirdi ki, Heydər Əliyevin sosial siyasətinin mərkəzində iki əsas prinsip dayanırdı – sosial rifah və sosial ədalət: “Sosial ədalət ölkənin maddi və mənəvi nemətlərinin hər kəs üçün əlçatan olmasını təmin edirdi. Sosial rifah isə iqtisadi uğurlardan və inkişafdan əldə olunan büdcə vəsaitləri bölüşdürülərkən sosial müdafiəyə ehtiyacı olan insanların bu paydan kənarda qalmamasına hesablanmışdı. Həmin dövrdə ulu öndərin sərəncamları ilə böyük özəlləşdirmə proqramları icra edildi və vətəndaşlar Azərbaycanın yaratdığı əmlakdan pay ala bildilər. Torpaq islahatlarının həyata keçirilməsi nəticəsində isə bütün kəndlilər, kəndə bağlı insanlar öz pay torpaqlarına sahib oldular. Baxmayaraq ki, o illər çox çətin idi və ölkə iqtisadiyyatı ağır bir vəziyyətdə idi, məktəblərin, uşaq bağçalarının və xəstəxanaların inşası üçün lazımi imkanlar yaradıldı”.











