Azərbaycanın artan nüfüzu artıq dünya ictimayyəti tərəfindən qəbul olunur
“Bu gün beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda dialoq platformalarının əhəmiyyəti daha da artır. Məhz bu baxımdan Antalya Diplomatik Forum regionun ən mühüm və nüfuzlu tədbirlərindən biri kimi xüsusi diqqət çəkir. Forum qlobal liderləri, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual problemlərin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması üçün unikal imkanlar açır”.
Bu fikirləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bildirib. Deputat qeyd edib ki, Azərbaycan bu cür mötəbər platformalarda fəal iştirak etməklə özünün prinsipial və ardıcıl mövqeyini beynəlxalq ictimaiyyətə təqdim edir.
Onun sözlərinə görə, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:
“Dövlət başçısının təşəbbüsləri nəticəsində ölkəmiz yalnız regionda deyil, daha geniş coğrafiyada etibarlı tərəfdaş və söz sahibi kimi qəbul olunur. Azərbaycanın yürüdüyü balanslı xarici siyasət müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq modelinə söykənir. Bu yanaşma ölkəmizin həm Qərb, həm də Şərq ilə konstruktiv münasibətlər qurmasına imkan yaradıb və onu geosiyasi baxımdan mühüm körpüyə çevirib”.
Deputat əlavə edib ki, Azərbaycanın dünya çapında artan nüfuzu konkret nəticələrlə müşayiət olunur:
“Ölkəmiz mühüm beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir, qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir və regionlararası əməkdaşlıq platformalarının fəal iştirakçısına çevrilib. Bu isə Azərbaycanın yalnız siyasi deyil, eyni zamanda iqtisadi və geostrateji baxımdan da çəkisinin artdığını göstərir. Azərbaycanın regionun lider ölkəsinə çevrilməsi təsadüfi deyil və bu liderlik siyasi sabitlik, davamlı iqtisadi inkişaf, güclü ordu quruculuğu və strateji enerji resurslarının səmərəli idarə olunması kimi amillərə əsaslanır”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və layihələr ölkənin iqtisadi potensialını daha da gücləndirib, onu regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevirib”, – deyə deputat bildirib.
Göydəniz Qəhrəmanov eyni zamanda qeyd edib ki, Azərbaycanın hərbi gücü və milli təhlükəsizlik strategiyası ölkənin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatına çevrilib:
“Bu amil isə regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Energetika sahəsində əldə olunan nailiyyətlər isə Azərbaycanı Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşlardan birinə çevirib. Bütün bu reallıqlar fonunda qeyd etmək lazımdır ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da söz sahibinə malikdir. Antaliya Diplomatik Forumu kimi nüfuzlu platformalarda ölkəmizin fəal iştirakı bu mövqenin daha da möhkəmləndirilməsinə xidmət edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət, balanslı diplomatik kurs və güclü dövlətçilik modeli Azərbaycanı regionun lideri və beynəlxalq münasibətlər sisteminin mühüm iştirakçılarından birinə çevirib”.










