Azərbaycanın beynəlxalq əlaqələri artır
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlıq xüsusi yer tutur və bu istiqamətdə əsas tərəfdaş ölkələrdən biri məhz İtaliyadır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərib və bu gün də həmin dəstək aydın şəkildə hiss olunmaqdadır. Son dövrlərdə Avropa İttifaqı–Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamika qarşılıqlı maraqlara xidmət edir və strateji tərəfdaşlığın həm rəsmi sənədlərdə, həm də real həyatda təsdiqini tapdığını göstərir.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır: “İtaliya Prezidentinin yüksək səviyyəli qarşılanması, ölkə Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və daha sonra geniş tərkibli görüşlər, bu görüşlərdə toxunulan məsələlər və əldə olunan razılaşmalar diqqət çəkdi. Daha sonra çox əhəmiyyətli bir məqam – Azərbaycan–İtaliya Universitetinin açılışı baş verdi. Bütün bunlar böyük perspektivlər vəd edir və İtaliya ilə Azərbaycan arasında siyasi müstəvidə baş verən uğurlu hadisələr onu deməyə əsas verir ki, bu əməkdaşlığın kökündə illərdən bəri ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət dayanır”.
Deputat qeyd edib ki, İtaliya bu gün Avropanın əhəmiyyətli ölkələrindən biri, mühüm iqtisadi-sənaye gücü, eyni zamanda mədəniyyət və dəb mərkəzi kimi dünya miqyasında tanınır. Onun sözlərinə görə, İtaliyanın Azərbaycanda təhsil, sosial və maarif sahələrinə maraq göstərməsi ölkəmizin çoxşaxəli inkişafının göstəricisidir: “İtaliya Azərbaycanla xoş dialoq şəklində münasibətləri davam etdirmək, dostluq əlaqələrini möhkəmləndirmək əzmindədir. Dünənki görüşlər, imzalanan müqavilələr, açılan yeni perspektivlər göstərir ki, Azərbaycan İtaliyanın timsalında güclü dost və strateji tərəfdaş qazanıb”.
Jalə Əliyeva əlavə edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin Avropanın, xüsusilə də Avropa İttifaqının əsas ölkələrindən biri olan İtaliya tərəfindən qəbul edilməsi ölkəmizin mövqeyini daha da gücləndirir: “İtaliya üçün Azərbaycan həm dost ölkə, həm də Cənubi Qafqazda və bütövlükdə bölgədə əhəmiyyətli tərəfdaş rolunu oynayır. İtaliya Prezidentinin səfəri bir daha Azərbaycanın güclü mövqeyini və artan beynəlxalq nüfuzunu sübut edir”.