Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini daha da güclənir
“2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qalmışdır. Bu il ərzində əldə olunan uğurlar ölkədə idmana göstərilən sistemli dövlət qayğısının və uzunmüddətli strategiyanın real nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə vurğuladığı kimi, idmanın inkişafı Azərbaycanda prioritet dövlət siyasətidir və bu yanaşma artıq beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır”.
Bunu mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, cari ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən çox medal qazanaraq rekord göstəriciyə imza atmış, ölkəmizin idman nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltmişlər:
“Bu uğurlar təkcə idmançıların deyil, həm də onların məşqçilərinin, federasiyaların və idman sahəsində həyata keçirilən ardıcıl islahatların nəticəsidir. Qazanılan qələbələr Azərbaycan bayrağının beynəlxalq arenalarda daim ucalarda dalğalanmasına xidmət etmişdir. İdman uğurlarının əsas dayaqlarından biri də paytaxt və regionlarda yaradılan müasir infrastruktur olmuşdur. Yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi idmanın kütləviliyini artırmış, gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaratmışdır. Bu amil gələcək illər üçün daha güclü idman potensialının formalaşmasına zəmin yaradır”.
Daha sonra G.Qəhrəmanov qeyd edib ki, 2025-ci ildə Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi də xüsusi əhəmiyyət kəsb edir:
“MDB Oyunları, Formula 1 yarışı və UFC turniri ölkəmizin təşkilatçılıq imkanlarını, təhlükəsizlik və logistika sahəsində yüksək səviyyəsini bir daha nümayiş etdirmiş, eyni zamanda idmanla yanaşı turizmin inkişafına da töhfə vermişdir. Bütün bu nəticələr göstərir ki, Azərbaycan idmanı təkcə yarış meydanlarında deyil, strateji baxımdan da uğurla inkişaf edir. İdman sağlam həyat tərzinin təşviqi, gənclərin vətənpərvərlik ruhunda formalaşması və ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm ictimai funksiyanı yerinə yetirir. Azərbaycanın 2025-ci ildəki idman nailiyyətləri gələcək uğurlar üçün möhkəm təməl yaradır və ölkəmizin beynəlxalq idman arenasındakı mövqeyini daha da gücləndirir”.










