Azərbaycanın dirçəliş salnaməsi – 1969-cu ildən başlanan yol
Azərbaycan tarixində dönüş nöqtələrindən biri olan 1969-cu ilin 14 iyul tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əlamətdardır. Bu gün eyni zamanda ölkəmizin milli oyanış və inkişaf mərhələsinə qədəm qoyması ilə yadda qalır, Azərbaycan xalqının özünəqayıdışı, milli şüurun və milli kimliyimizin oyanışının başlanğıcı kimi tarixə düşüb.
1960-cı illərin sonunda Azərbaycanın iqtisadi və ictimai vəziyyəti olduqca ağır idi. Keçmiş SSRİ-nin tərkibində olan respublikalar arasında Azərbaycanda sənaye və kənd təsərrüfatı sahələrinin zəif inkişafı, işsizlik, yoxsulluğun artması və insanların güzəranının pisləşməsi cəmiyyətin ümumi ruh halına mənfi təsir göstərirdi. Təbii sərvətlərimiz istismar olunur, Azərbaycan isə öz potensialını itirirdi. Belə bir zamanda Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə ölkəmizdə milli intibah dövrü başlandı. O, qısa müddət ərzində strateji baxışları, siyasi iradəsi və qətiyyətli addımları ilə ölkənin sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli dəyişikliklərə nail oldu. Heydər Əliyev bütün ideoloji maneələrə baxmayaraq, milli inkişaf modelini ortaya qoydu və ictimai şüurda yeni mərhələ yaratdı. Xalq ilk dəfə olaraq öz gücünə inanmağa, öz taleyini özü müəyyənləşdirməyə başladığını hiss etdi. Həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın gələcək müstəqilliyi üçün ciddi təməl rolunu oynadı. 1969-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi istifadəyə verildi. Milli gəlir 2,5 dəfə artdı. Azərbaycanın sənaye sektoru yenidən quruldu, kənd təsərrüfatı müasir texnologiyalarla təchiz olundu. Dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmağa başlandı. Bu nailiyyətlər yalnız iqtisadi inkişafın göstəricisi deyil, həm də milli dövlət quruculuğunun iqtisadi bazası idi.
Ümummilli Lider Heydər Əliyevin böyük diqqət ayırdığı sahələrdən biri də təhsil idi. O, savadlı və vətənpərvər gənc nəslin formalaşdırılmasını ölkənin gələcəyi üçün zəruri hesab edirdi. Ulu Öndərin təşəbbüsü ilə 10 mindən çox azərbaycanlı gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil almağa göndərildi. Bu, həm milli kadrların yetişdirilməsi, həm də Azərbaycanın elmi-intellektual potensialının formalaşması baxımından mühüm əhəmiyyət daşıyırdı. Respublikada onlarla yeni məktəb binası inşa olundu, texniki peşə məktəblərinin şəbəkəsi genişləndi, pedaqoji sahəyə diqqət artırıldı.
Naxçıvanda milli ordu quruculuğu başlandı, xalq-lider birliyinin gücü hiss olunmağa başladı. Bu mərhələ Azərbaycanın gələcəyini müəyyən edən mühüm tarixi bir dövr oldu.
Ulu Öndərin 1969-cu ildən başlayan siyasi fəaliyyəti, əslində, Azərbaycanın müstəqilliyə hazırlıq mərhələsidir. O, iqtisadi gücü bərpa etməklə, milli şüuru oyatmaqla və xalqda inam yaratmaqla, azad gələcəyə zəmin yaratdı. Ulu Öndərin ifadəsi ilə desək: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu”.
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən, siyasi, iqtisadi və hərbi baxımdan güclü, müstəqil dövlətdirsə, bu, məhz o illərdə atılan təməlin bəhrəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyev siyasi kursu müasir çağırışlara uyğun olaraq davam etdirilir, yeni uğurlar və nailiyyətlərlə zənginləşir.
14 iyul 1969-cu il tarixə milli ruhun oyanışı, Azərbaycanın özünəqayıdışı və gələcəyə inamın başlanğıcı kimi yazılıb.
Ülviyyə HƏMZƏYEVA,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı