Azərbaycanın enerji siyasətinin uğur modeli və qlobal enerji təhlükəsizliyində artan rolu
2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasının keçdiyi tarixi inkişaf yolunu, ölkənin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək hədəflərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının çıxışı yalnız enerji sahəsinə dair hesabat xarakteri daşımırdı. Bu çıxış müstəqil Azərbaycanın son otuz ildə əldə etdiyi nailiyyətlərin, həyata keçirdiyi uğurlu siyasətin və milli maraqlara əsaslanan inkişaf modelinin təqdimatı kimi də böyük əhəmiyyət kəsb edirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün dünyanın nüfuzlu enerji platformalarından biri hesab edilən Bakı Enerji Həftəsinin əsası məhz Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Hələ müstəqilliyinin ilk illərində ağır iqtisadi və siyasi problemlərlə üzləşən Azərbaycan beynəlxalq enerji əməkdaşlığı üçün etibarlı platforma yaratmağa nail oldu. Vaxt keçdikcə bu təşəbbüs daha da genişləndi və hazırda qlobal enerji gündəliyinin formalaşdığı mühüm beynəlxalq tədbirə çevrildi.
Dövlət başçısı çıxışında Azərbaycanın enerji tarixində mühüm mərhələ olan “Şahdəniz” müqaviləsinin imzalanmasının 30 illiyini də xüsusi vurğuladı. 1996-cı ildə imzalanmış bu müqavilə ölkənin qaz sənayesinin inkişafında yeni dövr açdı. Bu gün Azərbaycan qazı Avropa və digər regionlarda enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi çıxış edir. Məhz həmin qərarlar nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanıb.
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən danışarkən ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə göndərdikləri müraciətləri xüsusi qeyd etdi. Bu məktublar Azərbaycanın enerji siyasətinə və Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzuna verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirildi.
Çıxışın diqqət çəkən məqamlarından biri son illər enerji sektoruna münasibətdə formalaşmış stereotiplərə münasibət oldu. Prezident İlham Əliyev vurğuladı ki, uzun müddət neft və qaz istehsal edən ölkələr əsassız tənqidlərə məruz qalır, bəzən isə qlobal ekoloji problemlərin əsas səbəbkarı kimi təqdim edilirdilər. Halbuki, müasir dünya enerji resursları olmadan fəaliyyət göstərə bilməz. Dövlət başçısının sözlərinə görə, enerji təhlükəsizliyi ilə iqlim gündəliyi arasında balansın qorunması vacibdir və bu istiqamətdə praqmatik yanaşma tələb olunur.
Azərbaycanın inkişaf modelindən bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, ölkənin müasir yüksəlişinin təməli 1994-cü ildə qoyulub. Həmin dövrdə Azərbaycan dərin siyasi və iqtisadi böhran yaşayırdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqların 20 faizi işğal olunmuş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Ölkədə yoxsulluq səviyyəsi 50 faizdən çox idi, işsizlik geniş yayılmışdı və enerji resurslarının idxalına ehtiyac yaranmışdı.
Belə bir şəraitdə qəbul edilən strateji qərarlar Azərbaycanın gələcəyini müəyyənləşdirdi. Xəzər dənizinin enerji ehtiyatlarının beynəlxalq investorlar üçün açılması ölkəyə böyük həcmdə sərmayələrin cəlb olunmasına imkan yaratdı. Sonrakı illərdə neft və qaz gəlirləri iqtisadiyyatın inkişafına, sosial layihələrin həyata keçirilməsinə, infrastrukturun yenilənməsinə, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə yönəldildi.
Bu siyasətin nəticələri bu gün aydın görünür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yoxsulluq səviyyəsi 5 faizə qədər azalıb, işsizlik minimum həddə enib, Azərbaycan investisiya səviyyəli beynəlxalq kredit reytinqinə malik ölkəyə çevrilib. Xarici borc ÜDM-in təxminən 6 faizini təşkil edir və ölkənin valyuta ehtiyatları bu borcu 18 dəfədən çox üstələyir.
Azərbaycanın enerji siyasətinin digər mühüm nəticəsi güclü dövlət və güclü ordu quruculuğu oldu. Dövlət başçısı vurğuladı ki, iqtisadi güc hərbi potensialın formalaşmasında mühüm rol oynayıb. Məhz əldə edilən maliyyə imkanları hesabına Azərbaycan güclü ordu yaradaraq 30 il işğal altında qalmış torpaqlarını azad etdi və tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələsinə də geniş yer ayırdı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr qlobal enerji xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi xarakterizə edildi. Bu gün 3500 kilometrlik Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından biri hesab olunur.
Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş statusunu təsdiqləyir. Yeni yataqların işlənilməsi və xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin reallaşdırılması ölkənin ixrac potensialını daha da artıracaq.
Bununla yanaşı, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də beynəlxalq investor kimi çıxış edir. SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı fəaliyyəti ölkənin qlobal iqtisadi təsir imkanlarının genişləndiyini göstərir.
Prezident İlham Əliyevin çıxışında yaşıl enerji gündəliyi də mühüm yer tutdu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın mövcud qaz ehtiyatları uzun illər ərzində daxili və xarici tələbatı ödəməyə kifayət etsə də, ölkə bərpaolunan enerji sahəsinə böyük investisiyalar yatırır. 2032-ci ilədək günəş və külək enerjisi üzrə istehsal gücünün 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hidroenerji layihələri də bu strategiyanın tərkib hissəsidir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Qara dəniz Enerji Kabeli layihəsi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı ölkənin gələcəkdə regionun əsas enerji qovşaqlarından birinə çevriləcəyini göstərir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarından yalnız iqtisadi qazanc mənbəyi kimi deyil, həm də dövlət quruculuğu, milli təhlükəsizlik, regional əməkdaşlıq və qlobal tərəfdaşlıq vasitəsi kimi istifadə edib. Bu gün Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş, mühüm tranzit ölkə və enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardan biri kimi tanınır. Prezident İlham Əliyevin çıxışı isə bu uğurların arxasında dayanan strateji baxışı və gələcəyə yönəlmiş inkişaf konsepsiyasını bir daha ortaya qoydu.
Milli Məclisin deputatı
Şahin Seyidzadə










