Azərbaycanın əsas hədəfi vətəndaşlarımızın həyatlarının qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır.
Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması istiqamətində ən ciddi maneələrdən biri də Ermənistanın Azərbaycana qarşı davam edən mina terrorudur. Üzləşdiyimiz humanitar fəlakət miqyaslı belə təhdidin qarşısının alınması, minalarla çirklənmənin ətraf mühitə təsirinin azaldılması üçün ən səmərəli vasitələrdən biri də beynəlxlaq ictimaiyyətin və beynəlxalq təşkilatların dəstəyinin və maliyyə resurslarının səfərbər olunmasıdır. Bu fəaliyyətin əsas hədəfi vətəndaşlarımızın həyatlarının qorunması və ətraf mühitin sağlamlaşdırılmasıdır.
Şübhəsiz ki, minalar və digər partlayıcı qurğular ilk növbədə mülki əhalinin təhlükəsizliyinə qarşı yönələn ən kəskin problemdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günədək 212 mina partlayışı nəticəsində 361 şəxs zərər çəkib, onlardan 68 həlak olmuş, 293 isə ağır yaralanmışdır. Ümumilikdə isə işğal dövrünün statistikası göstərir ki, mina qurbanlarının sayı 3435 nəfərdir. Ermənistan tərəfindən dürüst mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi minatəmizləmə işlərini həddindən artıq çətinləşdirərək, 800 min məcburi köçkünün öz doğma yurdalrına qayıtmalarına maneələr yaradır.
Minaların yaratdığl digər ciddi problem ekoloji sistemlə bağlıdır. Otuz ilə yaxın davam edən işğaldan sonra azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometri mina və digər partlayıcı qurğularla çirklənməyə məruz qalmışdır. Uzun müddət torpaq altında olan və hələ də zərərsizləşdirilməmiş minalar kimyəvi reaksiyalar nəticəsində ətraf mühitə zərər verir, onların partlayışları isə plastik tullantılarla ərazilərimizin çirklənmısinə gətirib çıxarır. Bundan başqa minalanma nəticəsində istifadəsiz qalan torpaqlarda surətli eroziya prosesləri müşahidə edilir.
Dövlətimizin müvafiq strukturlarının ardıcıl səyləri nəticəsində təxminən 140 min hektar sahə 119 min 946 mina və müxtəlif partlayıcı qurğulardan təmizlənmişdir. Minatəmizləmə fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsi ətraf mühitin bərpası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ücün münbit şərait yaratmaqla, eyni zamanda Azərbaycanda bu ilin noyabr ayında keçiriləcək COP29 məqsədlərinə uyğun qeyd edilən fəaliyyətin iqlim dəyişikliklərinin qarşısının alınması səyləri ilə inteqrasiyasını, işğaldan azad olunan ərazilərimizdə yaşıl enerji zonasının formalaşmasına ciddi təkan verəcək.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü










