media-baki

“Cari ilin ilk günlərindən Azərbaycan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını istismara verməklə özünün enerji strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qeyd etdi. Cənab Prezident İlham Əliyevin açılış mərasimində söylədiyi nitqində vurğuladığı kimi, bu stansiya təkcə 240 meqavatlıq əlavə güc demək deyil. Bu, həm də ölkənin uzunmüddətli enerji təhlükəsizliyini möhkəmləndirən mühüm infrastruktur layihəsidir. Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji mənbələrinin ardıcıl şəkildə inkişaf etdirilməsi dövlətin enerji siyasətinin sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat həcmində qiymətləndirilməsi ölkənin gələcəkdə regional və qlobal enerji bazarlarında rolunun daha da artacağını deməyə əsas verir. Bu yanaşma enerjinin təkcə istehsal deyil, həm də geosiyasi güc alətinə çevrildiyini nümayiş etdirir.”

media-novruz

Bunu açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili bu prosesdə beynəlxalq tərəfdaşlıq amilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanda ACWA Power” kimi qlobal miqyasda aparıcı mövqeyə malik şirkətin fəaliyyətə başlaması təsadüfi deyil. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu əməkdaşlıq yalnız bir stansiya ilə məhdudlaşmır və gələcəkdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji layihələri də əhatə edir. Bu fakt göstərir ki, Azərbaycan artıq sadəcə sərmayə qəbul edən ölkə deyil, iri transmilli layihələrin planlaşdırıldığı və icra edildiyi etibarlı platformadır. Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkənin texnoloji səviyyəsinin yüksəlməsinə, insan kapitalının inkişafına və qeyri-neft sektorunun genişlənməsinə xidmət edir. Dövlət başçısının dediyi kimi, ölkənin maliyyə sabitliyi göstəriciləri də bu inkişafın dayanıqlı əsaslara söykəndiyini təsdiqləyir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması və valyuta ehtiyatlarının bu borcu 16-17 dəfə üstələməsi Azərbaycanın dünya miqyasında nadir maliyyə intizamına malik ölkələrdən biri olduğunu göstərir. Bu reallıq xarici investorlar üçün açıq mesajdır: Azərbaycana yatırılan sərmayə qorunur, səmərə verir və uzunmüddətli mənfəət gətirir. Beləliklə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə enerji obyekti deyil, eyni zamanda cənab Prezident İlham Əliyevin formalaşdırdığı güclü dövlət-etibarlı iqtisadiyyat modelinin bariz təzahürüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.


media-728x90banner

Bənzər xəbərlər