Konstitusiyamız yalnız hər bir vətəndaşa verilən hüquqlar toplusu deyil, həm də dövlətimizin inkişaf konsepsiyasıdır. Ali qanunumuz bizə hüquq və azadlıqlar verməklə yanaşı inkişafımızın və gələcək istiqamətimizin yol xəritəsini müəyyənləşdirir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Konstitusiyamızın qəbul olunması birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq qəbul olundu.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, hələ imperiya dövründə Ümummilli Lider Heydər Əliyev böyük prinsipiallıq və vətənpərvərlik nümunəsi göstərərək Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında “dövlət dili Azərbaycan dilidir” müddəasının yer almasına nail oldu. Bu həmin dövr üçün çox mühüm və cəsarətli addım idi, çünki milli kimliyin və dilin qorunması ideyası məhz Ulu öndərin təşəbbüsü ilə hüquqi əsas qazanmışdı. 1995-ci ildə də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən də bu ənənə davam etdirildi və Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Beləliklə, Heydər Əliyevin dil siyasəti və milli dəyərlərə verdiyi önəm həm sovet dövründə, həm də müstəqillik illərində dövlət quruculuğunun əsas prinsiplərindən birinə çevrildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi, təqvimin bu günü ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
Konstitusiyanın qəbulu şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğunu tənzimləyir, demokratik inkişafa zəmin yaradır və cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrində köklü dəyişiklikləri əhatə edən mütərəqqi sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün hüquqi baza yaratmış, hakimiyyət bölgüsünün prinsiplərini müəyyən etmişdir. İnsan və vətəndaş hüquqları ilə azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanlarının əsas vəzifəsi kimi təsbit olunub.
2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu həm də onu göstərdi ki, Konstitusiyamız sadəcə sənəd deyil, faktiki olaraq torpaqlarımızın azadlığında və dövlətin möhkəmliyində özünü göstərir.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Konstitusiyamıza verilən ən yüksək dəyər kimi qiymətləndirilə bilər. Bu addım həm Konstitusiyanın əhəmiyyətini bir daha vurğulayır, həm də xalqımızın hüquq və azadlıqlarının qorunmasının dövlət üçün prioritet olduğunu göstərir. Eyni zamanda dövlət suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi yolunda əldə edilmiş nailiyyətləri tarixə yazır. Bu baxımdan Konstitusiyamız yalnız dövlətin ali hüquqi sənədi deyil, həm də Azərbaycanın müstəqilliyinin, milli kimliyinin və suverenliyinin rəmzidir.


media-728x90banner

Bənzər xəbərlər