Azərbaycanın mədəni irsininin qorunmasında mühüm addımlar
Prezident İlham Əliyevin Suriya ilə tarixi əhəmiyyət daşıyan görüşü: Nəsimi irsi ətrafında əməkdaşlıq perspektivləri.
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə mühüm görüş keçirmişdir. Bu görüş, uzun illər ərzində Azərbaycana qarşı qeyri-dost mövqe sərgiləmiş keçmiş Suriya hakimiyyətindən fərqli olaraq, yeni dövrün başlanğıcını və iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş imkanların yarandığını göstərir.
Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlət başçımızla keçirdiyi əvvəlki görüşü məmnunluqla xatırlamış, Azərbaycanın Suriyaya göstərdiyi dostluq və qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. O, əvvəlki rejimin Azərbaycanla münasibətlərə zərbə vurduğunu təəssüflə qeyd etmiş və Suriya tərəfindən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıqda ciddi marağın olduğunu vurğulamışdır.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə torpaqlarımızın işğaldan azad olunması yüksək qiymətləndirilmiş, ölkəmizin 1990-cı illərdəki çətinlikləri arxada qoyaraq böyük inkişaf yolu keçdiyi qeyd edilmişdir. Suriya tərəfi bu təcrübədən yararlanmaq niyyətində olduğunu bildirərək, Azərbaycanın yenidənqurma sahəsindəki modellərinin Suriya üçün örnək ola biləcəyini bəyan etmişdir.
Görüş zamanı həmçinin enerji sahəsində əməkdaşlıq imkanları da müzakirə olunmuş, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli layihəsinin həyata keçirilməsi halında Suriyanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi bildirilib. Təhsil, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Suriyalı tələbələr üçün Azərbaycanda təqaüdlərin verilməsi və mədəni irsin, xüsusilə tarixi abidələrin bərpası ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Bu kontekstdə Azərbaycan poeziyasının görkəmli siması, divan ədəbiyyatının banisi, böyük sufi şairi İmadəddin Nəsiminin adı xüsusi çəkilir. Əsil adı Seyid Əli İmadəddin olan Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, həm də ümumbəşəri mədəniyyətin parlaq şəxsiyyətlərindən biridir. Riyaziyyat, təbabət, astronomiya, dinlər və fəlsəfə sahəsində dərin biliklərə malik olan Nəsimi Azərbaycan, ərəb və fars dillərində yazdığı bənzərsiz əsərləri ilə ölməz ədəbi irs yaratmışdır.
Sufilik ideyalarını yaydığı üçün təqib olunan Nəsimi, Şamaxıdan Bağdada, oradan da Hələbə üz tutmuş, burada öz inancından dönmədiyi üçün ağır işgəncələrlə edam edilmişdir. Onun məzarı bu gün də Suriyanın Hələb şəhərində yerləşir. Təəssüf ki, Əsəd rejimi dövründə Nəsiminin məzarı baxımsız qalmış, vətəndaş müharibəsi illərində isə bir çox hissəsi dağıdılmışdır.
Bu səbəbdən, Nəsiminin məzarının bərpası məsələsi təkcə mədəniyyət sahəsində deyil, Azərbaycan ilə Suriya arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevrilə bilər. Bu təşəbbüs həm də ölkəmizin dünya mədəni irsinin qorunmasında fəal rolunun bir nümunəsidir.
Əminik ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri və bu çərçivədə aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə, birgə layihələrin həyata keçirilməsinə və mədəni irsimizin qorunması sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəkdir.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.