media-jall

“Azərbaycan Prezidenti İlham Əliyev son bir ay ərzində ikinci dəfə Okeanın o tayına, Amerika Birləşmiş Ştatlarına səfər etdi. İlk səfərin məqsədi məlum idi və bu səfər haqqında, o cümlədən Vaşinqton görüşləri barədə həm Azərbaycan mətbuatı, həm də dünya mətbuatı kifayət qədər məlumat yayıb. Bu səfərin Azərbaycan üçün əhəmiyyəti, onun nəticələrinin ölkəmizin növbəti uğuru olduğu, həmçinin ABŞ rəhbərinin dilindən Azərbaycan və Azərbaycan rəhbəri haqqında ifadə edilən yüksək qiymət, əlbəttə ki, hər birimiz üçün qürur mənbəyidir”.

Bu açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva İlham Əliyevin ABŞ-yə etdiyi son səfərlər haqqında danışarkən bildirdi.

“İlham Əliyevin ABŞ-yə ilk səfəri zamanı görüşdə əldə edilən razılaşmalar, Ermənistan tərəfi ilə razılaşdırılmış məsələlər də Azərbaycanın sabit siyasətini, güclü iradəsini və həyata keçirdiyi uğurlu strategiyanı nümayiş etdirir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyev və Birinci xanım, vitse-prezident Mehriban Əliyeva yenidən ABŞ-yə, bu dəfə Nyu-Yorka, Birləşmiş Millətlər Təşkilatının növbəti toplantısında iştirak etmək üçün yollandılar. Bu səfər çərçivəsində aparılan ikitərəfli görüşlərdə Azərbaycanın dəyişməz, haqlı mövqeyini qoruması və müdafiə etməsi bir daha nümayiş etdirildi. Bu görüşlər diplomatik uğur olaraq qiymətləndirilməli, Azərbaycan üçün yeni dividendlər və gələcək uğurların başlanğıcı kimi qəbul edilməlidir. 44 günlük müharibə zamanı Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qalib gəldiyi açıq şəkildə müşahidə edildi. Lakin müharibə bitdikdən sonra da danışıqlar davam edir və davam etməlidir. Çünki müharibənin sülhlə sona çatması, zəfər çalmış tərəfin ədalət prizmasından sülh müqaviləsini imzalaması ilə mümkündür. Eyni zamanda bu, Birləşmiş Millətlər Təşkilatının uzun illər ərzində münaqişənin həlli üçün qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Unutmayaq ki, cənab Prezident İlham Əliyev müharibəyə qiymət verərkən qeyd etmişdi ki, BMT-nin Azərbaycanla bağlı, Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrin heç biri Ermənistan tərəfindən icra olunmayıb. Buna baxmayaraq, Azərbaycan təkbaşına bu qətnamələrə riayət edərək bölgədə müharibəni qazandı və sülhü təmin etdi”, – deyə millət vəkili qeyd etdi.

Jalə Əliyeva əlavə etdi ki, Azərbaycanın məqsədi bölgədə qalıcı sülhün təmin edilməsidir:

“Daimi sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, həmçinin BMT üzvü olan bütün ölkələr və xalqlar üçün vacibdir. Azərbaycan diplomatik addımlarını sülh, sabitlik, əmin-amanlıq, qarşılıqlı anlaşma, inkişaf və dostluq prinsiplərinə əsaslanaraq həyata keçirir və bundan sonra da bu yolda inamla irəliləyəcəyini açıqlamaları və dəyişməz mövqeyi ilə dəfələrlə sübut etmişdir”.


media-728x90banner

Bənzər xəbərlər