Azərbaycanın milli gücünün iradəsi
19-20 Sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan Ordusunun Qəhrəmanlığı və Dövlət Suverenliyinin bərpası
Azərbaycan Respublikasının müasir tarixində 19-20 sentyabr 2023-cü il tarixi xüsusi yer tutur. Bu gün yalnız hərbi əməliyyatların uğuru ilə yadda qalmır, həm də dövlətimizin suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını simvolizə edir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığını, vətənpərvərliyini və milli iradənin qətiyyətini bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri mövcud idi. Üçtərəfli 10 noyabr 2020-ci il Bəyanatına əsasən, bu qüvvələr bölgədən çıxarılmalı idi. Lakin üç il ərzində Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirmədi, yeni silahlar gətirdi, hərbi mövqeləri gücləndirdi və təxribatlar törətdi. 2023-cü ilin sentyabrın 19-da vəziyyət kritik həddə çatdı: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu, ordumuzun mövqeləri atəşə tutuldu. Ağdam və Şuşa şəhərlərində də terror aktları baş verdi. Bu hadisələr Azərbaycan dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə və vətəndaşların həyatına birbaşa təhdid idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyatın məqsədi Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi, separatçıların hərbi mövqelərinin məhv edilməsi və Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası idi. Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində əməliyyat qısa müddətdə, cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Hərbi planlaşdırma və taktiki hazırlıq sayəsində düşmənin istehkamları, uzunmüddətli mövqeləri, tank və artilleriya qurğuları məhv edildi. Əməliyyat nəticəsində Azərbaycan Ordusu əhəmiyyətli hərbi nailiyyətlər əldə etdi. Eyni zamanda, əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyi təmin edildi. Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qadınlar, uşaqlar, qocalar və fiziki məhdudiyyətli şəxslərin həyatını qorudu. SMS xəbərdarlıqlar, səsgücləndirici vasitələr və məlumat vərəqələri vasitəsilə əhali təlimatlandırıldı. Azərbaycan Ordusunun qətiyyətli və dəqiq əməliyyatları nəticəsində separatçılar təslim oldu. 2023-cü il sentyabrın 20-də saat 13:00-da erməni silahlı qüvvələri ağ bayraq qaldıraraq silahı yerə qoydu və Azərbaycan ərazilərini tərk etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının simvolu oldu. Əməliyyatdan sonra Qarabağdakı qondarma separatçı rejim ləğv edildi. Sentyabrın 28-də rejimin rəhbəri Samvel Şahramanyan ləğv sənədini imzaladı. Yevlax şəhərində erməni icması Azərbaycan tərəfindən təklif olunan reinteqrasiya şərtləri ilə tanış oldu və bölgədə qalmaq və ya çıxmaq barədə sərbəst qərar verdi. Bu proses Azərbaycanın milli suverenliyinin və qanuni hüquqlarının qorunması baxımından tarixi əhəmiyyət daşıyır. Separatçıların əsas rəhbərlərinin həbs edilməsi və xunta rejiminin ləğvi, bölgədə sabitliyin bərqərar olmasına şərait yaratdı. Əməliyyatın nəticəsi olaraq Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan Bayrağı ucaldıldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də həmin şəhərlərdə Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpasını bütün dünyaya bəyan etdi. Bu Zəfər yalnız hərbi nailiyyət deyil, həm də milli dövlətçiliyimizin, hüquqi və siyasi mövqelərimizin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi bu qələbənin əsas dayaqlarıdır. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsində yeni mərhələdir. Bu hadisə xalqımıza göstərdi ki, dövlətimiz və ordumuz milli təhlükəsizliyi qorumaqda, ərazi bütövlüyünü təmin etməkdə və müstəqilliyimizi möhkəmləndirməkdə qətiyyətlidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun peşəkarlığı, qəhrəmanlığı sayəsində ölkəmiz öz suverenliyini bütün ərazilərində bərpa etdi. Bu qələbə tarixi Zəfər kimi yadda qalacaq və gələcək nəsillərə dövlətçilik və vətənpərvərlik nümunəsi olacaq.
Şahin Seyidzadə
Millət vəkili