Azərbaycanın qəti mövqeyi var
“Özünü demokratik dövlət kimi nümayiş etdirən Fransada baş verən iğtişaşlar Makronun bədxah siyasətini göstərir. Makron erməni faşizminin əsas tərəfdarlarından biridir”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, Makronun hakimiyyətə gəlişindən sonra bu kimi halların artması onun faşizmi və rasizmi dəstəkləyən, iki üzlü siyasətindən xəbər verir:
“44 günlük müharibə dövründə, eləcə də müharibədən sonrakı dövrdə ermənilərə açıqca dəstəyini əsirgəməyən, işğalçı dövlətlə həmrəylik nümayiş etdirən Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir.Azərbaycan ilə iqtisadi münasibətlərinə baxmayaraq, Makron hökuməti erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edərək danışıqlar prosesində ədalətli mövqe əks etdirmir. Makronun dövründə Fransada etnik-milli zəmində baş verən cinayətlərin və zorakılıqların artması isə onun irqçi siyasətinin ölkədaxili nizamı alt-üst etməsindən xəbər verir. Ölkədə ortaya çıxan etiraz dalğası, minlərlə insanın qorxmadan küçələrə çıxaraq cəsarətlə öz mövqeyini ifadə etməsi Fransa xalqının humanist və demokratik prinsiplərə sadiqliyini göstərir”.
“Əlbəttə, bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün bütün dünya, Fransa xalqına bu məsələdə açıq dəstəyini nümayiş etdirməlidir. Azərbaycan bu məsələdə öz qəti mövqeyini ortaya qoydu. Milli Məclisin məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciəti törədilən cinayətin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. İlham Əliyev çıxışında Fransada hökm sürən irqçilik və islamofobiyaya diqqət çəkərək, BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəklədiyini bildirdi. Ölkə başçısı, həmçinin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub Şərqi Asiya və digər ölkələrdən üzr istəməyə çağırdı. Hesab edirəm ki, Fransa dövləti bu kimi aksiyalardan nəticə çıxarmalıdır. Onlar Afrikadan, Orta Şərqdən köç etmiş miqrantlara, müsəlmanlara qarşı ədalətli mövqe sərgiləməlidirlər. Fransa miqrant siyasətinin sayəsində ölkəsini uzun illər ucuz işçi qüvvəsi ilə təmin edib. Demokratik prinsiplərə və insan haqlarına sadiqliyini nümayiş etdirmək istəyirsə, Fransa ilk növbədə insan haqlarına hörmət etməli və etnik-azınlıqlara qarşı cinayət və zorakılıq hallarından çəkinməlidir”, – deyə deputat qeyd edib.











