media-ulvi
Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmır. Ölkəmiz artıq qlobal idarəçilik, dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində də özünəməxsus praktik model təqdim edən dövlət kimi diqqət mərkəzindədir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə formalaşdırdığı yeni yanaşmanın əyani göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma siyasəti yalnız infrastrukturun bərpası deyil, həm də gələcəyin yaşayış və idarəetmə modelinin qurulması kimi qiymətləndirilməlidir. “Ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, ekoloji tarazlıq və müasir urbanizasiya prinsiplərinə əsaslanan layihələr bu bölgələri yeni inkişaf mərhələsinə daşıyır. Bu baxımdan Azərbaycan təcrübəsi artıq regional çərçivəni aşaraq beynəlxalq səviyyədə öyrənilən və maraq doğuran bir modelə çevrilməkdədir.
Məhz belə bir dövrdə Prezident İlham Əliyevin #BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü xüsusi əhəmiyyət daşıyır. Görüşdə Bakıda keçiriləcək #WUF13 forumuna hazırlıq məsələlərinin, həmçinin Azərbaycan ilə #UN-Habitat arasında əməkdaşlığın müzakirə olunması ölkəmizin qlobal şəhərsalma gündəliyində tutduğu mövqeyi bir daha nümayiş etdirir. Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi edən ölkə deyil, həm də yeni yanaşmalar irəli sürən, təşkilati və institusional təcrübə formalaşdıran fəal tərəfdaşdır.
#COP29-dan sonra WUF13 kimi nüfuzlu beynəlxalq forumun da Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın daha bir göstəricisidir. Bu ardıcıllıq təsadüfi deyil. Azərbaycan son illər iqlim gündəliyi ilə şəhərsalma, dayanıqlı urbanizasiya və ekoloji inkişaf məsələləri arasında mühüm əlaqə yaratmağa nail olub. Müasir dünyanın əsas çağırışları da məhz bu istiqamətlərdə cəmlənir. İqlim dəyişikliyi, şəhərlərin sürətli böyüməsi, enerji təhlükəsizliyi və insan mərkəzli yaşayış mühitinin formalaşdırılması bu gün beynəlxalq gündəmin əsas mövzularındandır. Azərbaycan isə bu məsələlərə kompleks yanaşma təqdim edir.
UN-Habitat ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın könüllü maliyyə dəstəyi göstərməsi, ölkəmizdə #MilliŞəhərsalma Forumlarının mütəmadi təşkili və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi də ayrıca qeyd olunmalıdır. Bütün bunlar Azərbaycanın artıq sadəcə iştirakçı dövlət deyil, təşəbbüskar və məsuliyyət daşıyan tərəf kimi çıxış etdiyini göstərir. Bu yanaşma beynəlxalq təşkilatlar tərəfindən də müsbət nümunə kimi qiymətləndirilir.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu isə əməkdaşlığın daha sistemli mərhələyə keçdiyini göstərən mühüm sənəddir. Bu sənəd WUF13-ün təşkili zamanı formalaşacaq idarəetmə və koordinasiya modelinin gələcək forumlar üçün də nümunə ola biləcəyini ortaya qoyur. Başqa sözlə, Bakıda keçiriləcək forum yalnız bir beynəlxalq tədbir deyil, həm də gələcək qlobal platformalar üçün praktik təşkilati təcrübə mənbəyi ola bilər.
Bu mənada “WUF13 Bakı standartları” anlayışının formalaşması tamamilə real görünür. Azərbaycanın böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi, müxtəlif qurumlar arasında çevik koordinasiya yaratması və proseslərə strateji baxışla yanaşması ölkəmizin bu sahədə etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan verir. Bu, həm də dövlət idarəçiliyində formalaşmış peşəkar mexanizmin nəticəsidir.
Bu gün Bakı artıq yalnız regionun siyasi və iqtisadi mərkəzlərindən biri deyil, həm də qlobal dialoq, humanitar əməkdaşlıq, şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu mühüm platformaya çevrilib. WUF13 forumu da bu prosesin davamı kimi Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, ölkəmizin qlobal şəhərsalma idarəçiliyində rolunu yeni mərhələyə daşıyacaq.
Azərbaycanın bu sahədə ortaya qoyduğu təcrübə bir daha sübut edir ki, güclü siyasi iradə, uzunmüddətli strateji baxış və peşəkar idarəçilik bir araya gəldikdə, ölkə yalnız öz inkişafını təmin etmir, həm də beynəlxalq miqyasda nümunə yaradan tərəfə çevrilir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni həyat modeli, Bakının ev sahibliyi etdiyi qlobal platformalar və beynəlxalq təşkilatlarla genişlənən əməkdaşlıq Azərbaycanın gələcəyin şəhərsalma gündəliyində mühüm söz sahibi olduğunu göstərir.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər