Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm tərəfdaş və söz sahibidir
Prezident lham Əliyevin Serbiyaya səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi və Azərbaycanın Avropadakı mövqeyinin güclənməsi
Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı verdiyi bəyanat Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri olan Balkan regionu ilə əlaqələrin inkişaf etdirilməsinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının səfər çərçivəsində səsləndirdiyi fikirlər yalnız ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, eyni zamanda bu əməkdaşlığın gələcək strateji konturlarını da müəyyənləşdirən mühüm siyasi mesajlar kimi diqqət çəkir.
Strateji tərəfdaşlığın siyasi əsaslarının möhkəmləndirilməsi
Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını xüsusi vurğuladı. Bu yanaşma təsadüfi deyil. Çünki hər iki ölkə beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür və bir-birinin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstək nümayiş etdirir.
Bu amil münasibətlərin ən mühüm siyasi dayağı kimi çıxış edir. Qarşılıqlı dəstək faktoru Azərbaycan-Serbiya münasibətlərini formal diplomatik əlaqələrdən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu isə öz növbəsində əməkdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri enerji əməkdaşlığı oldu. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu sahədə Serbiya ilə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd etdi.
Bu, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji diplomatiyasının məntiqi davamıdır. Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyini təmin edən əsas tərəfdaşlardan birinə çevrilib. Serbiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi isə Azərbaycanın Balkan regionunda strateji mövqelərini daha da möhkəmləndirir.
Bu əməkdaşlıq eyni zamanda Serbiyanın enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır ki, bu da Azərbaycanı region üçün daha vacib tərəfdaşa çevirir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilməsi göstərir ki, Azərbaycan-Serbiya münasibətləri yalnız siyasi sahə ilə məhdudlaşmır. Energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu vurğulanıb.
Bu, Azərbaycanın Avropada iqtisadi iştirakını genişləndirmək strategiyasının tərkib hissəsidir. Balkan regionu isə bu baxımdan mühüm geoiqtisadi platforma hesab olunur.
Serbiyaya səfər və verilən bəyanat Azərbaycanın xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış xarakter daşıdığını göstərir. Azərbaycan yalnız region ölkəsi kimi deyil, Avropa üçün etibarlı siyasi və iqtisadi tərəfdaş kimi çıxış edir. Bu səfər bir neçə mühüm geosiyasi nəticəni ortaya qoyur:
Azərbaycanın Balkan regionunda nüfuzu artır;
Avropada siyasi və iqtisadi mövqeləri möhkəmlənir; enerji diplomatiyasının coğrafiyası genişlənir; Azərbaycan etibarlı və prinsipial tərəfdaş imicini gücləndirir.
Bir daha qeyd etməyə dəyər ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın Avropa məkanında strateji rolunun artdığını, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini və milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursunun ardıcıl şəkildə davam etdirildiyini, eyni zamanda, Prezident İham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm tərəfdaş və söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirməkdə olduğunu bir daha təsdiqləyir.
Jalə Əliyeva
Millət vəkili











