media-ulvi
2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir. Bu mühüm hadisə Azərbaycanın enerji siyasətində, xüsusilə də bərpaolunan enerji sahəsində həyata keçirilən islahatların və strateji hədəflərin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, 240 meqavat gücündə olan bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək və ümumi sosial-iqtisadi inkişafa mühüm töhfə verəcəkdir. Dövlət başçısı qeyd etmişdir ki, stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuş və qısa müddət ərzində intensiv iş aparılaraq layihə uğurla tamamlanmışdır.
Prezident stansiyanın tikintisində əməyi olan bütün şəxslərə və şirkətlərə təşəkkürünü bildirmiş, xüsusilə investor olan “ACWA Power” şirkətinin rolunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu layihə “ACWA Power” şirkətinin Azərbaycanda reallaşdırdığı ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu deyil. Şirkət gələcəkdə də ölkəmizdə iri layihələr həyata keçirməyi planlaşdırır və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir. Prezident, həmçinin, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz bu şirkət tərəfindən icra ediləcəyini bildirmişdir.
Çıxışda Çin Xalq Respublikasının “Power China” şirkətinin də fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bu şirkətin layihədə baş podratçı kimi iştirak etdiyi, gələcəkdə isə həm podratçı, həm də investor qismində Azərbaycanda yeni layihələr həyata keçirəcəyi qeyd olunmuşdur. Prezident İlham Əliyev bu əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir.
Dövlət başçısı Azərbaycan energetiklərinin peşəkarlığını xüsusi vurğulamışdır. Son illərdə ölkədə yeni generasiya güclərinin istismara verilməsinin həm mürəkkəb, həm də məsuliyyətli proses olduğunu bildirən Prezident qeyd etmişdir ki, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası böyük bilik, təcrübə və maliyyə vəsaiti tələb edir. Qarşıdakı illərdə bu sahənin daha da genişlənəcəyi nəzərə alınaraq, energetika sahəsində yüksək peşəkarlığın qorunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sisteminin son 20 ildə tamamilə yeniləndiyini qeyd etmişdir. Bu dövr ərzində generasiya güclərinin təxminən üç dəfə artdığı, hazırda ümumi gücün 10 min meqavata yaxın olduğu bildirilmişdir. Dövlət başçısı vurğulamışdır ki, həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkənin enerji təhlükəsizliyinin əsas təminatıdır.
Son illərdə ölkədə 230 meqavat gücündə Günəş Elektrik Stansiyası, 240 meqavatlıq külək stansiyası istismara verilmiş, işğaldan azad edilmiş ərazilərdə isə Cəbrayıl rayonunda ümumi gücü 340 meqavat olan üç Günəş Elektrik Stansiyasının tikintisinə başlanılmışdır. Bu faktlar Azərbaycanın “yaşıl enerji” strategiyasının real nəticələrini nümayiş etdirir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın coğrafi mövqeyi bərpaolunan enerji istehsalı üçün geniş imkanlar yaradır. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat həcmində qiymətləndirilməsi gələcək üçün böyük perspektivlər açır. Dövlət başçısı bu imkanlardan istifadə edərək Azərbaycanın regionun etibarlı enerji istehsalçısına çevriləcəyinə əminliyini ifadə etmişdir.
Çıxışda investisiya mühiti ilə bağlı məsələlərə də toxunulmuşdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan indiyədək 300 milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir. Ölkənin maliyyə vəziyyəti sabitdir, xarici borcun ÜDM-də payı cəmi 6 faizdən bir qədər çoxdur və valyuta ehtiyatları bu borcu 16–17 dəfə üstələyir. Bütün bunlar Azərbaycanın etibarlı investisiya məkanı olduğunu sübut edir.
Gələcək planlardan danışan Prezident qeyd etmişdir ki, bərpaolunan enerji potensialının artması enerji saxlanması infrastrukturunun yaradılmasını zəruri edir. Bu məqsədlə ölkədə ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi inşa edilir. Bundan əlavə, imzalanmış müqavilələrə əsasən 2030–2032-ci illərədək 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr əsasən xarici investorlar tərəfindən icra olunur və dövlət bu sərmayələri daim qoruyur. Azərbaycan etibarlı tərəfdaşdır, qəbul edilmiş qərarlar və imzalanmış müqavilələr dəyişməz olaraq qalır.
Sonda dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan bu gün regionda və dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı isə bu strateji yolun növbəti mühüm uğurdur.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər