İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid – qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi

O, sabah böyüyüb təbiətin “sakini”, səhhətimizinsə həkimi olacaqdı…

 

“Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Günəşdə tez-tez baş verən partlayışlar, yaranan dəliklər, Ozon qatının yırtılması və s. (məsələn geomaqnit qasırğası) baş verməsi sağlamlığımızı təhdid edən amillərlə yanaşı, eyni zamanda gələcəkdə ciddi ekologi fəsadlara yol aça bilər. Yayın həddindən çox isti keçməsi, hətta payız mövsümündə havaların normadan artıq istiləşməsi (anomal hava şəraiti nəticəsində, ağacların çiçəkləməsi, bəzi yerlərdə bar verməsi belə və s.) cürbəcür xəstəliklərin, epidemiyaların, virusların yayılmasına rəvac verir. Bura münaqişə zonalarında istifadə edilən müxtəlif növ texnikaları, kimyəvi silahları da daxil etsək, havanın nə qədər zəhərlənməsini, ekologiyanın hədsiz korlanmasını məncə, şərh etməyə ehtiyac qalmır.


Bəlkə də bu təbiətə qarşı etdiyimiz qəddar əməllər (çox vaxt yaşıllıqları məhv edib yerində binalar inşa etməyimiz, kəndlərdə çayları, arxları qurudub mənzilimizə tez yetişək deyə, yol çəkməyimiz, “məndən keçdi” düşüncəsilə zibilimizi hara gəldi atmağımız və sair və ilaxır.) sağalmaz xəstəliklər şəklində, ağır fəsadlar “obrazı”nda bumeranq təsirilə özümüzə qayıdır.
Məsələn, adi baxdığımız, əslində isə tərkibi zərərli maddələrlə zəngin, ora-bura tulladığımız sellofan torbaları götürək. Küləkli havada “uçub” ağaclara, elektrik dirəklərinə ilişib qalan bu torbalar aylar, illər keçməsinə baxmayaraq torpağa düşsə belə, tərkibini itirmir, ətrafın zibillənməsinə, çirklənməsinə səbəb olur. Və sözsüz ki, ekologiyamızı zəhərləyən, sağlamlığımızı hədəfə alan bu cür əşyalar – polimer, polietilen torbalar, kimyəvi tərkibli, çeşidli məişət tullantılarının əksəriyyəti çürümür, dediyim kimi, ətraf mühitə də ciddi ziyan vurur. Bütün bunların qarşısını almaq üçünsə vəziyyətdən çıxış yolları aramalı, mümkün qədər təbii vasitələrdən istifadə etməli, uca Yaradanın istifadəmizə verdiyi təbii sərvətlərin qədrini bilməli, ekologiyamızın qorunmasını təmin etməliyik. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…” Bəli, əlbəttə, misilsiz xəzinələri qorumaq başlıca vəzifəmiz olmalıdır ki, səhhətimiz, gələcəyimiz, sağlam olsun.

***


Hələ o zaman – 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev irəliləyən illərdə Azərbaycanda alternativ energetikanın respublikamızın yanacaq-enerji balansında əvəzsiz əhəmiyyət daşıyacağını dönə-dönə vurğulayırdı. İllər keçir, onun uzaqgörənliklə səsləndirdiyi fikirlər artıq özünü doğruldur; bu gün ölkəmizdə alternativ energetikaya tələbat əvvəlkindən daha çox duyulmaqdadır.
Bu bir gerçəkdir ki, ölkəmiz təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Bu isə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar açır. Və məhz Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas istiqamətlərindən biri də ətraf mühitin çirklənməsinin bu yolla qarşısının alınması, təbii sərvətlərdən səmərəli və qənaətli şəkildə istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, ölkəmizdə ekoloji tarazlığın qorunması və təbii ehtiyatların, təbiətin mühafizəsinin gücləndirilməsidir. Bu, sözsüz ki, dövlət siyasətinin prioritet, əsas və vacib istiqamətlərindəndir.
Təbii ehtiyatlardan (günəş işığı, külək, yağış və s.) əldə edilən “Yaşıl enerji” mənbələri neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan fərqli olaraq, tükənmir. Ona görə də, bərpa olunan enerji mənbələri olaraq tanınan bu enerjidən yararlanmaq həm sağlamlıq, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Məsələn, nəzərə alaq ki, Günəşin Yer səthinə verdiyi enerjinin miqdarı dünyanın neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından dəfələrlə çoxdur və bu enerji ilə bütün dünyanın enerji ehtiyacını ödəmək olar.

Qeyd: Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi, bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsi və ölkəmizin yaşıl artım ölkəsinə çevrilməsi istiqamətində əsas yol xəritəsinə çevirib. Eləcə də “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji resurslarının payının 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulub.
***


Dövlət başçımız Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması (2022-ci il) zamanı deyib: “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.
Cənab prezidentimizin söylədiyi kimi, artıq paytaxtımızda, eləcə də işğaldan azad olunmuş cənnət Qarabağımızda, ətraf rayonlarında “yaşıl enerji” layihələrinin tətbiqi, həmin ərazilərin yaşıl zonaya çevrilməsi prosesi mərhələ-mərhələ öz əksini tapmaqdadır. Onun bəyan etdiyi kimi işğaldan azad olunmuş ərazilər “yaşıl enerji zonası”na çevrilərək Azərbaycanın böyük hissəsini təşkil edir; həmçinin həmin ərazilərdə “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyalar tətbiq ediləcək.
Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası elan olunub.
***

Kaliforniyada tikilən, dünyanın ən böyük stansiyası sayılan və gücü 392 meqavat olan günəş elektrik stansiyası yanacaq yandırmadan təmiz enerji istehsal edir və yüz mindən yuxarı evi elektrik enerjisi ilə təmin edir. Bu mənada, Kaliforniya, eləcə də bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaq ölkəmiz, əhalimiz üçün çox faydalılığı ilə yanaşı, eyni zamanda ekologiyamızın tarazlığının qorunması, ətraf mühitin zəhərli qazlardan, zərərli maddələrdən təmizlənməsi baxımından da səmərəli və sərfəli olardı.


“2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi həm də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edir. Beynəlxalq birlik, həmrəylik tələb olunan bu işdə bir fərd olaraq hər birimiz üzərimizə düşən məsuliyyəti dərindən dərk etməli, planetimizin ekoloji baxımdan fəlakət burulğanından (bizdən asılı olanları nəzərdə tuturam, yəni ağacların məhv edilməsinin, ətraf mühitin, atmosferin çirklənməsinin qarşısını almaq və s.) qurtulması və bütün bunların bünövrəsində dayanan insan sağlamlığı naminə önəmli rol oynayan “yaşıl enerji”yə öz töhfəmizi verməliyik.

P.S. Yazımın sonunda isə oxucularımıza bəlkə də bir qədər qəribə təsir bağışlayacaq, qınayıcı, bir az da kövrək notlar vermək istəyirəm – təbiətə qənim kəsilən bəziləri olsun ki, nəticə çıxara.

…Qazıyıb kökündən qoparıb atdın, yenicə puçurlayıb yarpaq açan o fidanı – Niyə? Axı böyüyüb böyük bir ağac olacaqdı, barını-bəhrəsini görəcəkdin, meyvəsini dərəcəkdin, istilərdə qanadları altına alıb kölgəsində sərinlədəcəkdi səni. Bəlkə budaqlarına sığınıb nə zamansa baş verəcək təbiət hadisəsindən – seldən-sudan qorunacaqdın. Onu məhv etməklə nə əldə etdin? – Heç nə. Əksinə, itirdin – bir udum təmiz havanı, qızmar yayda ətrafına sərinlik verəcək kölgəsini…

El arxını qurutdun – uzağını yaxın etmək üçün yol çəkəcəksən deyə… Belə etməklə bağ-bağatını bu arxdan sulayan nə qədər insanın ümidini-güvənini qırdın, dolanışığına daş atdın. Bəli, daş atdın, çünki o insanlar gözünü qurutduğun arxdan su içib bar verəcək ağaclarına, sulanacaq bağ-bağatına dikmişdi. Deyilənlər, “etmə-eləmələr”, “dayan!” kəlməsi də təsir etmədi sənə. Bu amansız əməlləri törədəndə təbiətin də fəryadını, ah-fəğanını, qarğışını eşitmədin? Vicdanın az da olsa, titrəmədi? – Sonuncu sualım deyəsən, yaman yersiz oldu. Axı… Bir də deyim, bil: qazandığın bumeranq təsirindən savayı, həqiqətən, çox şey itirdin, çox şey…
Yaxınlığında, sənin lap bir addlmlığında bir fidan yarpaqlarını “sinəsinə” sıxmış, budaqları parçalanmış halda, slzıldayan yaralarının ağrısından torpağa sərilib, son ümidinə sığınıb artıq. Yaşasaydı, sabah böyüyüb təbiətin yaşıl, yaşlı, köklü-köməcli “sakini”, səhhətimizinsə həkimi olacaqdı. Heyhat…

 

Zaur Mirzə-zadə

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

 

 


media-728x90banner

Bənzər xəbərlər